Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşü keçirildi

Xəbərlər

Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşü keçirildi

25 oktyabr 2019 10:38
"Bandunq Prinsiplərini rəhbər tutmaqla müasir dünyanın çağırışlarına birgə və adekvat cavab verilməsini təmin etmək” mövzusunda keçirilən XVIII Zirvə Görüşündə 60-a yaxın ölkənin dövlət və hökumət başçıları, həmçinin beynəlxalq təşkilatların rəhbərləri iştirak edirlər. Ümumilikdə Zirvə Görüşünə 160-a yaxın ölkənin və beynəlxalq təşkilatın nümayəndələri qatılıblar. Prezident İlham Əliyev ali qonaqları qarşılayıb, dövlət və hökumət başçıları birgə foto çəkdiriblər. Qoşulmama Hərəkatına sədrlik edən Venesuela Bolivar Respublikasının Prezidenti Nikolas Maduro Zirvə Görüşünü açaraq təşkilata üzv bəzi ölkələrin dünyasını dəyişən keçmiş dövlət və hökumət başçılarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsini təklif etdi.  Nikolas Maduro çıxışında Azərbaycan hökumətinə qonaqpərvərliyə görə təşəkkür etdi. Maduro Venesuelanın sədrliyi dövründə Qoşulmama Hərəkatının böyük inkişaf yolu keçdiyini, dünyada sülhün və təhlükəsizliyin güclənməsinə xidmət göstərdiyini dedi və növbəti üç il üçün sədrliyin Azərbaycana keçdiyini bəyan etdi. Qoşulmama Hərəkatına sədrlik Azərbaycana təhvil verildi.  Qoşulmama Hərəkatının sədri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zirvə Görüşündə nitq söylədi.nSonra Zirvə Görüşü Prezident İlham Əliyevin sədrliyi ilə davam etdi. Zirvə Görüşünün gündəliyi qəbul edildi, Büro üzvləri seçildi, xüsusi qonaq olan dövlətlərin və təşkilatların siyahısı təsdiqləndi. Daha sonra BMT Baş Assambleyasının prezidenti Ticani Məhəmməd-Bande çıxış etdi. BMT Baş katibinin siyasi və sülh quruculuğu məsələləri üzrə müavini xanım Rozmari DiKarlo çıxış etdi və Baş katib Antonio Quterreşin müraciətini oxudu. Zirvə Görüşü “77-lər qrupu” təşkilatının sədri Riyad Mənsurun və Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarovun çıxışları ilə davam etdi. Çıxışlarda Qoşulmama Hərəkatının qarşısında mühüm vəzifələrin durduğu bildirildi, dünyada sülhün və təhlükəsizliyin təmin olunmasının vacibliyi vurğulandı. Çıxışlardan sonra Prezident İlham Əliyev Qoşulmama Hərəkatının dövlət və hökumət başçılarının sessiyasını bağlı elan etdi. Fasilədən sonra Prezident İlham Əliyevin sədrliyi ilə davam edən Zirvə Görüşündə Pakistan Prezidenti Arif Alvi, İran Prezidenti Həsən Ruhani, Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov, Malayziyanın Baş Naziri Mahathir Bin Mohamad, Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qani, Kuba Prezidenti Migel Diaz-Kanel, Cibuti Prezidenti İsmail Ömər Qelleh, Prezident Vladimir Putinin Zirvə Görüşünə ünvanladığı müraciəti səsləndirən Rusiyanın Xarici İşlər nazirinin müavini Sergey Verşinin, Əlcəzair Prezidenti Abdelkader Bensalah, Esvatininin Kralı III Msvati, Qana Prezidenti Nana Akufo-Addo, Namibiya Prezidenti Haqe Qotfrid Qeynqob, Ekvatorial Qvineyanın Prezidenti Obiang Nguema Mbasogo, Sudan Prezidenti Abdul-Fattah Al-Burhan, Hindistanın vitse-prezidenti Muppavarapu Venkaiah Naidu, Vyetnamın vitse-prezidenti xanım Danq Thi Nqok Thinh, Banqladeşin Baş Naziri xanım Şeyx Hasina, Nepalın Baş Naziri Khadqa Prasad Şarma Oli və Liviyanın Baş Naziri Faiz Sarac çıxış etdilər. Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşündə beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti günay Əfəndiyeva da iştirak edib. Sonda dövlət və hökumət başçıları xatirə fotosu çəkdiriblər. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası 2011-ci il mayın 26-da Qoşulmama Hərəkatına üzv ölkələrin yekdil dəstəyini əldə edərək təşkilata tamhüquqlu üzv qəbul olunub. Azərbaycan Hərəkatın müxtəlif səviyyəli iclas və konfranslarında iştirak etmək və üzv ölkələrlə ikitərəfli münasibətlərini sıxlaşdırmaqla onun məqsəd və prinsiplərinə öz töhfəsini verir. Hərəkata üzv olduğumuz qısa müddət ərzində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə beynəlxalq ictimaiyyətin geniş dairələrində məlumatlılıq daha da artıb, təşkilatın daxili prosedur və sənədlərində Azərbaycan Respublikasının ərazi bütövlüyü çərçivəsində həllinə davamlı olaraq dəstək əks olunub. Hərəkata üzvlük, həmçinin beynəlxalq sülh, təhlükəsizlik və əməkdaşlığa dair proseslərə ölkəmizin daha yaxından cəlb olunması və çoxsaylı dövlətlərlə ikitərəfli münasibətlərin inkişaf etdirilməsinə münasib şərait yaradıb    
Copyright © 2015 - 2024 itchf Azərbaycan. Bütün hüquqlar qorunur