“Türk dünyasının qadını - keçmişdən bu günə” konfransı keçirildi

Xəbərlər

“Türk dünyasının qadını - keçmişdən bu günə” konfransı keçirildi

11 oktyabr 2019 11:47
Oktyabrın 11-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun birgə təşkilatçılığı ilə Dövlət Komitəsində “Türk dünyasının qadını - keçmişdən bu günə” mövzusunda beynəlxalq konfrans keçirilib. Tədbiri giriş sözü ilə açan Dövlət Komitəsinin sədri Hicran Hüseynova qədim tarixə, zəngin mədəniyyətə malik türk dünyasının qadınlarının ailədə, cəmiyyətdə rolundan danışıb. Türk dünyasında qadına münasibətdə oxşar cəhətlər olduğunu vurğulayan komitə sədri bildirib ki, xalqımız hər zaman Azərbaycan qadını ilə fəxr edib, qürur duyub. Şərqdə ilk dəfə qadına seçki hüququ ölkəmizdə verilib. Bu da təbii ki, Azərbaycan qadınının elm, təhsil, mədəniyyət sahələrində uğurlar qazanması ilə nəticələnib. Oktyabrın 11-nin Beynəlxalq Qızlar Günü kimi qeyd edildiyini xatırladan Hicran Hüseynova gender bərabərliyinin dövlətimizin prioritet istiqamətlərindən olduğunu bildirib. O deyib ki, Azərbaycanda qadın hüquqları dövlətimiz tərəfindən kifayət qədər yüksək səviyyədə qurunur, qadınlarımız ictimai-siyasi həyatda yaxından iştirak edirlər. Hicran Hüseynova Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində qaçqın və məcburi köşkün düşmüş insanlar arasında 400 mindən çox qadın olduğunu konfrans iştirakçılarının diqqətinə çatdırıb. O, bu ədalətsiz münaqişədə minlərlə qadının, qızın ermənilər tərəfindən qətlə yetirildiyini, təhqir olunduğunu bildirib. Komitə sədri beynəlxalq təşkilatları, əlaqədar qurumları bu ədalətsizliyə biganə yanaşmamağa çağırıb. İnsan hüquqları üzrə müvəkkil Elmira Süleymanova bildirib ki, bu gün Azərbaycan qadınları ictimai, siyasi təşkilatlarda çalışır, beynəlxalq səviyyədə ölkəmizi fəal şəkildə təmsil edirlər. Bütün sahələrdə olduğu kimi, qadın hüquqlarının qorunması məsələsində də ümummilli lider Heydər Əliyevin xidmətlərindən danışan ombudsman bu siyasətin dövlət başçısı İlham Əliyev tərəfindən davam etdirildiyini diqqətə çatdırıb. O bildirib ki, Birinci vitse-prezident Mehriban Əliyeva hər zaman qadınlara diqqət və qayğı ilə yanaşır, onların problemlərinin həll olunmasına kömək göstərir. Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva konfransın bir neçə gündən sonra Bakıda keçiriləcək Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 7-ci Zirvə görüşü ərəfəsində təşkil edildiyini söyləyib. Bildirilib ki, 2009-cu ildə Naxçıvan Zirvə Görüşündə yaradılan TDƏŞ-in başlıca vəzifəsi türkdilli xalqlar və ölkələr arasındakı birliyi daha da möhkəmləndirmək, birgə əməkdaşlığı təmin etməkdir. Çünki qardaş xalqlar daim bir-birinin yanında olmalıdırlar. Türk qadınının tarixdə və müasir dövrdə rolundan danışan Fondun prezidenti ölkəmizdə gender bərabərliyinin təmin edilməsi və qadın hüquqlarının qorunmasında Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın xidmətlərini vurğulayıb. Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) Baş katibi Altınbek Mamayusupov türk qadınının ailədə, cəmiyyətdəki önəmli rolundan danışıb. O, əmin olduğunu bildirib ki, türk qadını cəmiyyətdə fəallığını daha da artıracaq. TÜRKPA-nın qısa zaman kəsiyində bir sıra layihələr həyata keçirdiyini və müəyyən uğurlar əldə etdiyini qeyd edən Altınbek Mamayusupov dəstəyə və əməkdaşlığa görə təşəkkürünü bildirib. Tədbirdə çıxış edən Bakı Dövlət Universitetinin dosenti Lətifə Əliyeva, Dünya Türkologiya Mərkəzinin rəhbəri Güllü Yoloğlu, “Kaspi” qəzetinin təsisçisi Sona Vəliyeva, Türk Şurasının nümayəndəsi Yıldız Uzakova, Türkiyənin Azərbaycandakı səfirliyinin əməkdaşı Məltəm Özoral və başqaları türk dünyası qadınının cəmiyyət həyatının müxtəlif sahələrində fəaliyyəti barədə fikirlərini bildiriblər. Konfransda mövzu ətrafında müzakirələr aparılıb. Sonra iştirakçılar türkdilli dövlətlərdən olan qadınların əl işlərindən ibarət sərgi ilə tanış olublar.  
Copyright © 2015 - 2024 itchf Azərbaycan. Bütün hüquqlar qorunur