“Türkdilli ölkələr arasında dialoqun qurulmasında Böyük İpək Yolunun rolu” mövzulu dəyirmi masa təşkil olundu

Xəbərlər

“Türkdilli ölkələr arasında dialoqun qurulmasında Böyük İpək Yolunun rolu” mövzulu dəyirmi masa təşkil olundu

03 may 2019 18:57
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən “Türkdilli ölkələr arasında dialoqun qurulmasında Böyük İpək Yolunun rolu” mövzulu dəyirmi masa təşkil olunmuşdur. Tədbir Bakıda (Azərbaycan) keçirilən V Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində gərçəkləşmişdir. Sessiyanı açıq elan edən Fondun prezidenti Günay Əfəndiyeva vurğuladı ki, tarixən ticarət və mədəniyyət, eləcə də ünsiyyətin artımı üçün xidmət edən İpək Yolu yenidən canlanır: “Uzaq Çindən Orta Asiya ölkələrinədək, Anadolu və Aralıq dənizi üzərindən Avropaya uzanan, Şərqlə Qərbi birləşdirən bu yol həm də xalqları birləşdirir. Böyük İpək Yolu türkdilli xalqları bir araya gətirən mədəni, tarixi əlaqələrdən biri olub. Buna səbəb onun iqtisadi əhəmiyyəti ilə yanaşı, mədəni önəmi idi.” Günay Əfəndiyeva diqqətə çatdırdı ki, tədbirdə müxtəlif beynəlxalq təşkilatların rəhbərləri, digər ölkələrdən gələn qonaqlar, səfir və diplomatlar, türkoloqlar iştirak edirlər. Onlar türk dünyası ilə bağlı Böyük İpək Yolunun türkdilli xalqlara verdiyi töhfələrdən danışırlar: “Bu, bizim üçün çox önəmlidir, çünki söhbət bizim soy-köklərimizdən gedir. Türk dünyası genişdir və orada müsəlman, xristian, yəhudi türkləri yaşayır. Bizim borcumuz bu qiymətli mirası gələcək nəsillərə ötürməkdir”. Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev sessiyada çıxış edərək mövzunun əhəmiyyətinə diqqət çəkdi. Bildirdi ki, “Dövründən asılı olmayaraq İpək Yolu üzərində yerləşən türk mədəni abidələri hər zaman ziyarətçiləri heyran etmiş, türk mədəniyyəti öz möhtəşəmliyi ilə diqqət çəkmişdir. Hansı türk tayfasını təmsil etməsindən asılı olmayaraq türk memarlıq nümunələri ümumtürk mədəniyyətinin, türk fəlsəfəsinin bir parçası olmaqla həm də dünya mədəniyyətinin bir parçasıdır.” Panel toplantısında Türk Şurasının Baş katibinin müavini Qismət Gözəlov, TÜRKSOY-un Baş katibi Düsen Kaseinov, İslam Tarixi, İncəsənəti və Mədəniyyəti Araşdırma Mərkəzinin (IRCICA) baş direktoru Halit Eren, Macarıstan adına Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının səfiri, türkoloq Janos Hovari, AMEA-nın Şərqşünaslıq İnstitutunun direktor müavini, akademik Şahin Mustafayev, UNESCO-nun Türkiyə Milli Komissiyasının sədri Mehmet Öcal Oğuz, Moldovanın UNESCO üzrə Milli Komissiyasının baş katibinin müavini Luminita Drumea, Rusiya Təbiət Elmləri Akademiyasının və Rusiya Ekologiya Akademiyasının akademiki, UNESCO-nun eksperti Nizami Məmmədov, Avrasiya Yazarlar Birliyinin sədri Yakub Ömeroğlu, yazıçı-jurnalist Kemal Salli, məşhur macar türkoloq Giorgi Hazainin qızı Ceccilia Hazai, tanınmış türkoloq aıim Murad Adcının həyat yoldaşı, onun adını daşıyan saytın baş redaktoru Marina Kuriachaia-Adci, “Sandro Teti” nəşriyyat evinin rəhbəri Sandro Teti türkdilli ölkələrin müxtəlif sahələr üzrə əməkdaşlığından və Böyük İpək Yolunun xalqlar arasında dialoqun qurulmasında və qarşılıqlı əlaqələrin gücləndirilməsində rolundan bəhs etdilər. Sonda Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən Türk Dünyasının görkəmli alimlərinin irsinin təbliğinə ğörə Ceccilia Hazai və Marina Kuriaçiya Adcı, eləcə də Türk Dünyasına xidmətlərinə görə yazıçı-jurnalist Kemal Sallı mükafatlandırıldı.
Copyright © 2015 - 2024 itchf Azərbaycan. Bütün hüquqlar qorunur