Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral ilə görüş keçirilib
Xəbərlər
Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral ilə görüş keçirilib
11 aprel 2019
15:59
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral ilə Fondda görüş keçirib.
Görüşdə, G.Əfəndiyeva Fondun son illər ərzində həyata keçirdiyi layihə və tədbirlərdən söz açaraq gələcək planlardan ətraflı danışıb. O, Fondun əsas məqsədlərindən biri olan türk dünyasının mədəni irsinin daha geniş arenada tanıtmaq və digər xlaqlara təqdim etmək üçün bir çox yeni layihələr üzərində aparılan işlərdən bəhs edib.
E.Özoral öz növbəsində Azərbaycan və Türkiyə arasında qardaşlıq, tarixi yaxınlıq münasibətlərinə əsaslanan ikitərəfli əlaqələrin daim inkişaf etdiyini bildirərək, dünya mədəniyyətinə böyük töhvələr vermiş türkdilli xalqların ortaq zəngin irs, tarix, milli-mənəvi dəyərlər baxımından bir-birinə bağlı olduğunu qeyd edib. O, həmçinin Fondun bu dəyərləri mühafizə və təbliğ etmək istiqamətində gördüyü işləri yaxından izlədiyini və bu istiqamətdə Fonda dəstək olmağa hər zaman hazır olduğunu qeyd edib.
Görüş zamanı, 2019-cu il tarixində Azərbaycanda keçiriləcək Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə toplantısı ilə bağlı məsələlər müzakirə edilib. Həmçinin, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu və Səfirlik arasında mövcud əməkdaşlıq əlaqələrinin gələcək perspektivləri barədə danışılıb, qarşılıqlı birgə həyata keçirilə biləcək layihələr ətrafında fikir mübadiləsi aparıb.