TÜRKPA ölkələrinin IV seminarı keçiriib
Xəbərlər
TÜRKPA ölkələrinin IV seminarı keçiriib
06 noyabr 2019
13:41
İstanbulda TÜRKPA-ya üzv ölkələrin milli qanunvericiliklərin uyğunlaşdırılması üzrə 4-cü seminar keçirilmişdir. Seminarda TÜRKPA, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Türkiyənin YUNESKO üzrə Milli Komissiyasının rəhbərləri, üzv ölkələrin parlament nümayəndələri, eləcə də Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları iştirak ediblər. Tədbirdə TÜRKPA-nın Hüquqi Məsələlər və Beynəlxalq Əlaqələr Komissiyasının sədri, Türkiyə Böyük Millət Məclisinin (TBMM) üzvü cənab İsmet Uçma, TBMM üzvü, Türkiyənin keçmiş Mədəniyyət və Turizm naziri cənab Nabi Avcı, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Günay Əfəndiyeva, TÜRKPA-nın Baş Katibi Altınbek Mamayusupov və Türkiyənin YUNESKO üzrə Milli Komissiyasının Prezidenti cənab Öcal Oğuz seminarda açılış nitqləri ilə çıxış etmişdir.
Fondun prezidenti Günay Əfəndiyeva cari ilin oktyabr ayında Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşünə həsr olunmuş “Türk Dünyası Həftəsi” çərçivəsində təşkil edilən silsilə tədbirlərdən, eləcə də Azərbaycan Respublikasının Prezidentinin sərəncamına əsasən Fondun yeni binasının təntənəli açılış mərasimindən bəhs etmişdir. O rəhbərlik etdiyi qurumun Türk Dünyasına məxsus irs və mədəniyyətin qorunması və təbliği ilə bağlı əsas fəaliyyət istiqamətləri, eləcə də gələcək planları barədə məlumat vermişdir.
Günay Əfəndiyeva qeyd etmişdir ki, Fond dünyanın ayrı-ayrı ölkələrində Türk Dünyasına məxsus ədəbiyyatın, incəsənətin və mədəniyyətin təbliği məqsədilə müxtəlif nəşrlərin çap olunması, tədbirlərin, konfransların, sərgilərin, proqramların, tamaşaların təşkil edilməsininə öz töhfəsini vermişdir. O bildirmişdir ki, Fondun digər prioritet fəaliyyət istiqamətlərindən biri məhv edilmiş və mənimsənilmiş irsin mühafizəsidir. Bununla əlaqədar, qurum Dağlıq Qarabağ və ətrafındakı yeddi rayonunun işğalı nəticəsində dağıdılmış və məhv edilmiş abidələrin tədqiqi və həqiqətlərin dünyaya tanıdılması məqsədi ilə layihələr həyata keçirməkdədir.
Fondun prezidenti təşkilatın fəaliyyəti ərzində müxtəlif qurumlar və beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində sazişlərin imzalandığını söyləyərək, qurumun mədəniyyət, elm, təhsil və digər sahələrdə fəaliyyət göstərdiyini bildirmişdir. Seminar Türk Dünyasının qeyri-maddi mədəniyyət nümunələrinin qorunması, eləcə də Turizmə dair müvafiq olaraq
Türkiyə və Azərbaycan parlamentlərinin nümayəndələrinin təqdim etdiyi model qanun layihələri ilə bağlı müzakirələrlə davam etmişdir.