Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu rəsm müsabiqəsinin qaliblərini mükafatlandırıb

Xəbərlər

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu rəsm müsabiqəsinin qaliblərini mükafatlandırıb

30 dekabr 2020 19:20
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun təşkil etdiyi “Dünyamızı qoruyaq: Türk dünyasının adət-ənənələri” mövzusu üzrə beynəlxalq onlayn rəsm müsabiqəsinin qaliblərinin bir qisminin təltifetmə mərasimi keçirilib. Beynəlxalq münsiflər heyəti tərəfindən, eləcə də onlayn səsvermə yolu ilə Azərbaycandan seçilən qaliblərin bir qisminə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva sertifikat və mükafatları təqdim edib. O, uşaqları təbrik edərək, türk dünyasının zəngin tarixinin, mədəniyyətinin daha da dərindən öyrənilməsinin vacibliyini vurğulayıb. Eyni zamanda, Günay Əfəndiyeva rəhbərlik etdiyi təşkilat tərəfindən uşaqların çəkdikləri rəsm əsərləri əsasında türkdilli xalqların adət-ənənələrini əks etdirən kitabın hazırlandığını və gələn il kitabın təqdimat mərasiminin keçirilməsinin planlaşdırıldığını qeyd edib. İştirakçılardan Məryəm Quluzadə “Qran – Pri”, Kövsər Qurban “Dostluq”, Aytac Talışinski “Bilgi” nominasiyalarına layiq görülmüşdür. Eyni zamanda, Cəlil Kərimli 6-9 yaş üzrə 1-ci yer, Arif Quliyev 6-9 yaş üzrə 3-cü yer, Surə Dadaşzadə 14-16 yaş üzrə 2-ci yer tutub. Məryəm Quluzadə “Novruz”, Təhminə Kərimova “Səmazənlər”, Səməndər Qurbanzadə “Xalçalar”, Zarina Şıxaliyeva “Musiqi” kateqoriyaları üzrə birincilik qazanmışdır. Ölkədə və dünyada mövcud olan pandemiya səbəbindən Azərbaycanın rayonlarından, eləcə də türkdilli və digər ölkələrdən müsabiqəyə qatılan uşaqların sertifikatları elektron poçt vasitəsilə aidiyyəti üzrə çatdırılacaq. Müsabiqənin keçirilməsində məqsəd gəncləri türk dünyasının qədim adət-ənənələrinin, milli-mənəvi dəyərlərinin öyrənilməsinə və qorunmasına təşviq etmək, onların bacarıqlarını ictimaiyyətə nümayiş etdirmək idi. Beynəlxalq layihə olan “Dünyamızı qoruyaq: Türk dünyasının adət-ənənələri” adlı rəsm müsabiqəsinə təşkilata üzv və müşahidəçi ölkələrlə, o cümlədən Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan və Macarıstanla yanaşı, Türkmənistan, Bolqarıstan və Ukraynadan olan 5-17 yaşarası məktəblilər qatılıb. Rəsmlər 12 mövzu üzrə “Dədə Qorqud”, “İrsimiz”, “Adət-ənənələr”, “Səmazənlər”, “Türk dünyasının qadını”, “Novruz”, “Xalçalar”, “Milli Mətbəx”, “Musiqi”, “Oyunlar”, “Dünyamızı qoruyaq” və “Türk birliyi” kateqoriyalarına bölünüb.  
Copyright © 2015 - 2024 itchf Azərbaycan. Bütün hüquqlar qorunur