Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Şuşanın işğalının 28-ci il dönümü ilə bağlı Bəyanat yaydı

Xəbərlər

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Şuşanın işğalının 28-ci il dönümü ilə bağlı Bəyanat yaydı

08 may 2020 18:54
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Şuşanın işğalının 28-ci il dönümü ilə bağlı Bəyanatı 28 il əvvəl 8 may 1992-ci il tarixində Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilən Dağlıq Qarabağ bölgəsinin Şuşa şəhəri Azərbaycan Respublikasının ən önəmli mədəniyyət mərkəzlərindən biridir. Bu şəhər Azərbaycanın və bütövlükdə Türk dünyasının böyük sənətkarlarının, yazıçılarının, şairlərinin, bəstəkarlarının, xanəndələrinin, incəsənət xadimlərinin vətəni olmuşdur. “Azərbaycan musiqisinin beşiyi” və “Şərqin konservatoriyası” adlandırılan Şuşanın işğalı ilə Azərbaycanın və bütövlükdə Türk dünyasının maddi-mənəvi irsinə ağır zərbə vurulmuşdur. Qədim Şuşa şəhərində yüzlərlə tarixi və mədəniyyət abidələri mövcuddur. Lakin, əfsuslar olsun ki, işğal nəticəsində onların əksəriyyəti dağıdılmış və talan edilmişdir. Nəticədə, Şuşada memarlıq abidəsi sayılan 170-dən çox yaşayış binası və 160-dək mədəniyyət və tarixi abidə yerlə-yeksan edilib, məbədgah və məscidlər təhqir və vandalizmə məruz qalıb, çox sayda nadir əlyazma nümunələri məhv edilmişdir. Bu siyahıda Qarabağ xanlığının hökmdarı, Şuşa şəhərinin banisi Pənah xanın sarayı və kitabxanası, XVIII əsrdə inşa edilmiş Aşağı Gövhərağa məscidi, Qarabağ xanı Mehdiqulu xanın qızı, görkəmli şairə və xeyriyyəçi Xurşidbanu Natəvanın evi, Türk dünyasının böyük şairi Molla Pənah Vaqifin mavzoleyi, Türk dünyasının dahi bəstəkarı Üzeyir Hacıbəyovun və görkəmli sənətkarı Bülbülün ev-müzeyləri, qədim karvansaraylar və Azərbaycan mədəniyyətinə məxsus digər abidələr yer alır. Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərində tarixi və mədəni abidələrin məhv edilməsini qətiyyətlə pisləyir, dünya ictimaiyyətinin bu hallara göz yummamağa, Türk dünyasının qədim mədəniyyət mərkəzlərindən olan Şuşanın işğalına etiraz səsini ucaltmağa səsləyir.
Copyright © 2015 - 2024 itchf Azərbaycan. Bütün hüquqlar qorunur