Günay Əfəndiyeva Azərbaycanın Tərtər şəhərinə, eləcə də işğaldan azad olunmuş Ağdam şəhərinə səfər edib

Xəbərlər

Günay Əfəndiyeva Azərbaycanın Tərtər şəhərinə, eləcə də işğaldan azad olunmuş Ağdam şəhərinə səfər edib

28 noyabr 2020 19:53
28 noyabr 2020-ci il tarixində Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Azərbaycanın Tərtər şəhərinə, eləcə də işğaldan azad olunmuş Ağdam şəhərinə səfər edib. Səfər Azərbaycan Respublikası Prezident Administrasiyası və Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə Azərbaycandakı diplomatik korpusun rəhbərlərinin: səfirlərin, hərbi attaşelərinin, beynəlxalq təşkilatların rəhbər və nümayəndələrinin iştirakı çərçivəsində baş tutub. Səfərdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və digər rəsmi şəxslər iştirak ediblər. Diplomatlar ilk öncə işğalçı silahlı qüvvələri tərəfindən hərbi əməliyyatlar dövründə Azərbaycan şəhərlərindən ən çox atəşə məruz qalmış Tərtər şəhərini ziyarət edib və şəhərə atıldığı 14 kasetli raketin Tarix-Diyarşünaslıq Muzeyinin yanında sərgilənən qalıntıları ilə tanış olublar. Sonra diplomatlar Şıxarx qəsəbəsində məcburi köçkünlər üçün salınmış yaşayış məhəlləsinə gedərək, artilleriya atəşinə məruz qalan çoxmənzilli binalara, klub icma mərkəzinə, həkim məntəqəsinə, musiqi məktəbinə baxış keçirib, onlara vurulduğu zərərin şahidi olublar. Daha sonra diplomatik korpusun nümayəndələri Ağdam şəhərinə gələrək, XIX əsrin yadigarı olan Ağdam Cümə məscidini ziyarət ediblər. Qonaqlara bildirilib ki, Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildikdən sonra bu dini abidə təhqir olunub, yandırılıb, dağıntılara məruz qalıb. Ağdam şəhəri işğaldan azad olunduqdan sonra məsciddə təmizlik işləri aparılıb, 27 ildən sonra azan verilib. Həmçinin məşhur fotoqraf Reza Deqatinin 1992-ci ildə Xocalı faciəsindən sonra çəkdiyi fotolar da nümayiş olunub. Daha sonra Ağdam Dövlət Dram Teatrının qalıqları qarşısında Azərbaycanın xalq artisti Mənsum İbrahimovun ifasında “Qarabağ şikəstəsi” səsləndirilib. Eyni zamanda, diplomatlar Ağdamda yerləşən yerlə-yeksan edilmiş qəbiristanlıqları, Çörək muzeyini, Qarabağ xanı Pənahəli xanın imarətini (XVIII əsr), Natəvanın türbəsini (XIX əsr) ziyarət edərək, Azərbaycanın tarixi, dini, mədəni abidələrinə qarşı törədilən vandalizm aktları ilə yaxından tanış olublar. Səfər zamanı “Qarabağ” futbol klubu 27 ildən sonra doğma meydanda - məşhur “İmarət” stadionunda simvolik futbol matçı oynayıb.  
Copyright © 2015 - 2024 itchf Azərbaycan. Bütün hüquqlar qorunur