Günay Əfəndiyeva "Biz türklərik! Çadırımız göy qübbəsi” adlı kitabın onlayn təqdimat mərasimində iştirak etdi
Xəbərlər
Günay Əfəndiyeva "Biz türklərik! Çadırımız göy qübbəsi” adlı kitabın onlayn təqdimat mərasimində iştirak etdi
15 sentyabr 2020
15:04
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Azərbaycan Sahibkarlar Konfederasiyasının layihəsi əsasında işıq üzü görən “Biz türklərik! Çadırımız göy qübbəsi” adlı kitabın onlayn təqdimat mərasimində iştirak etdi.
Fondun prezidenti tədbirdə çıxış edərək, kitabın təqdimat mərasiminin xüsusən Bakının Qafqaz İslam Ordusu tərəfindən daşnak-bolşevik işğalından azad edilməsinin 102-ci ildönümündə keçirildiyinin əhəmiyyətindən söz açdı. O, əsərin türk tarixinin keçdiyi keşməkeşli yola nəzər saldığını qeyd edərək, türk ruhunu əks etdirən kitabı yüksək qiymətləndirdi.
G.Əfəndiyeva türk mədəni irsinin öyrənilməsi, qorunması, təbliği, gənc nəsillərə ötürülməsi və dünya ictimaiyyətinin türk mənəvi dəyərləri ilə tanış etdirilməsinin vacibliyindən danışdı. O, eyni zamanda türkdilli xalqların birliyini nümayiş etdirən Dədə Qorqud dastanının Türk Dünyasının ayrılmaz parçası olduğunu qeyd etdi.
Fondun rəhbəri öz çıxışında Azərbaycan – Türkiyə münasibətlərinə toxunaraq, qardaşlıq əlaqələrin tarixi dostluq, qarşılıqlı etimad, yüksək səviyyəli dəstək və əməkdaşlıq əsasında qurulduğunu vurğuladı.
Sonda G. Əfəndiyeva kitabın təqdimatı münasibətilə müəllifi və yaradıcı heyəti təbrik edərək, gələcək fəaliyyətlərində uğurlar arzuladı.
Konfransda Azərbaycan Atatürk Mərkəzinin rəhbəri, akademik Nizami Cəfərov, Türk Şurasının Baş Katibi Bağdad Amreyev, Bakı Dövlət Unversitetinin professoru Ələmdar Şahverdiyev, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, millət vəkili Qənirə Paşayeva, Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral, TÜRKPA Baş katibinin müavini Ali Yıldız, Türkiyə Böyük Millət Məclisinin keçmiş deputatı Ələddin Böyükkaya, Milli Məclisin Müdafiə, Təhlükəsizlik və Korrupsiya ilə Mübarizə Komitəsinin üzvü Bəxtiyar Sadiqov, Türkiyə Xarici Əlaqələr Təşkilatının Türkiyə - Azərbaycan İş Şurasının sədri Selcuk Akat, Türk Ticarət və Sənayə Palatasının, İqtisadi Əməkdaşlıq Təşkilatı Ticarət və Sənayə Palatasının Baş katibi Adəm Kula, Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev, Bakı Dövlət Universitenin dosenti, kitabın müəllifi Nəriman Qocatürk, SOCAR-ın vitse-prezidenti Süleyman Qasımov çıxış etdilər.