Günay Əfəndiyeva ilə İsveç Krallığının Azərbaycandakı səfiri Kristian Kamil arasında görüş keçirilib

Xəbərlər

Günay Əfəndiyeva ilə İsveç Krallığının Azərbaycandakı səfiri Kristian Kamil arasında görüş keçirilib

03 dekabr 2020 19:41
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda təşkilatın prezidenti Günay Əfəndiyeva ilə İsveç Krallığının Azərbaycandakı səfiri Kristian Kamil arasında görüş keçirilib. Görüş zamanı Fondun prezidenti Günay Əfəndiyeva rəhbəri olduğu qurumun fəaliyyətindən, türkdilli xalqların irsinin, mədəniyyətinin qorunması və dünyada tanıdılması məqsədilə təşkil olunan tədbirlərdən, konfranslardan və sərgilərdən, eləcə də gələcəkdə keçirilməsi planlaşdırılan layihələrdən söz açıb. Günay Əfəndiyeva həmçinin müxtəlif sivilizasiyaların bir-birinə yaxınlaşdırılmasının vacibliyindən, eləcə də Fond və digər ölkələr arasında mədəni dəyərlərin təbliği məqsədilə sıx əməkdaşlıq əlaqələrinin qurulduğundan bəhs edib. Səfir Kristian Kamil Fondun fəaliyyətini yüksək qiymətləndirərək, təşkilat ilə təmsil etdiyi ölkə arasında gələcək əməkdaşlıq üçün imkanların araşdırılacağını və bu əlaqələrin müsbət nəticə verəcəyinə inandığını qeyd edib. Səfir həmçinin İsveç ilə təşkilata üzv və müşahidəçi ölkələrin mədəniyyətləri arasında qarşılıqlı əlaqələrin mövcudluğundan söz açaraq, bu münasibətlərin Fondun vasitəsilə daha da genişlənəcəyini bildirib. Daha sonra tərəflər bir-birilərinə nəşr olunan kitabları təqdim ediblər. Görüş tərəflər arasında mədəni dəyərlərin təbliği məqsədilə birgə əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi ilə başa çatıb.
Copyright © 2015 - 2024 itchf Azərbaycan. Bütün hüquqlar qorunur