Günay Əfəndiyeva Koreyada keçirilən beynəlxalq onlayn Forumda iştirak edib

Xəbərlər

Günay Əfəndiyeva Koreyada keçirilən beynəlxalq onlayn Forumda iştirak edib

17 noyabr 2020 11:51
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Koreyada keçirilən beynəlxalq onlayn Forumda iştirak edib. Koreyanın Yeoju şəhərində UNESCO-nun Ümumdünya İrsi Festivalı çərçivəsində "Davamlı Gələcək üçün Bəşəriyyətin Dəyəri" adlı beynəlxalq onlayn Forum və elmi konfrans keçirilib. Tədbirlər UNESCO, o cümlədən UNESCO üzrə Koreya Respublikasının Milli Komissiyası, Ümumdünya Konfutsi Mədəniyyəti Fondu (WFCC) ilə Xalq Sənəti Beynəlxalq Təşkilatı (IOV) tərəfindən təşkil olunub. Tədbirlər dil, ədəbiyyat, fəlsəfə və dini əhatə edən mövzular üzrə mədəni, regional sərhədlər, sivilizasiyalararası mübadilə və müxtəlif qarşılıqlı fəaliyyət növləri, Şərq ilə Qərb arasında dialoqun aparılmasını nəzərdə tutan qlobal dəyərlərin müəyyənləşdirilməsinə həsr olunub. Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva tədbirlərdə iştirak edib. Günay Əfəndiyeva öz çıxışında, türkdilli xalqların dünya tarixində və mədəniyyətində əhəmiyyətli rol oynadıqlarını, onların bir-birinə ümumi tarixi köklər, ortaq zəngin irs, dil, incəsənət, ədəbiyyat, adət-ənənələr, milli-mənəvi dəyərlər ilə zəncirvari şəkildə bağlı olduqlarını bildirib. Fondun prezidenti həmçinin, ümumtürk mədəniyyətinin dünya mədəniyyətinə böyük töhfələr verdiyini, türkdilli xalqların dahi şəxsiyyətlərinin – mütəfəkkirlərinin, yazıçılarının , şairlərinin, alimlərinin bəşəri nailiyyətlər qazandıqlarını vurğulayıb. Günay Əfəndiyeva rəhbərlik etdiyi qurumun Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü, Qazaxıstan, Qırğız və Türkiyə Respublikalarının dövlət başçılarının dəstəyi ilə təsis edildiyini, keçən il isə Özbəkistan və Macarıstanın təşkilatın sıralarına daxil olduğunu qeyd edib. Fondun fəaliyyətindən məlumat verən G.Əfəndiyeva, türk mədəni irsinin öyrənilməsi, qorunması, beynəlxalq aləmdə tanıdılması məqsədi ilə həyata keçirilən tədbirlərdən bəhs edib. Fondun mühüm prioritetlərindən birinin Türk dünyasının maddi-mənəvi irsinin qorunması olduğunu bildirən G.Əfəndiyeva, Azərbaycanın və bütövlükdə Türk Dünyasının ayrılmaz parçası olan Dağlıq Qarabağın mədəni irsindən bəhs edib. O, Dağlıq Qarabağ və onun ətraf rayonlarında yerləşən Azərbaycanın tarixi, dini abidələrin, memarlıq və incəsənət nümunələrin işğalçılar tərəfindən məhv edilməsini qeyd edib, dağıdılmış mədəni irsin hazırki acınacaqlı vəziyyətinin rəhbəri olduğu təşkilatı çox ciddi narahat etdiyini bildirib. G.Əfəndiyeva öz çıxışında Fondun himayəsi altında nəşr olunan mədəniyyət abidələrinə vurulan ziyanı əhatə edən, Qarabağ ilə bağlı tarixi həqiqətləri çatdıran bir sıra kitabları izləyicilərə nümayiş etdirib. Daha sonra Koreya ilə Fond arasında konstruktiv əməkdaşlıq əlaqələrinin mövcud olduğunu qeyd edən Günay Əfəndiyeva, bu münasibətlərin gələcəkdə daha da genişlənməsinin vacibliyini vurğulayıb. Eyni zamanda, Fondun rəhbəri müxtəlif mədəniyyətlər arasında qarşılıqlı əlaqələrin qurulmasının əhəmiyyətindən bəhs edib. Tədbirlərdə müxtəlif ölkələrin, o cümlədən Koreya, Qazaxıstan, Özbəkistan, Vyetnam, Butan Krallığının mədəniyyət nazirləri, nüfuzlu beynəlxalq təşkilatların rəhbər və nümayəndələri, mütəxəssislər, elm adamları iştirak ediblər. Tədbirlər həmçinin maraqlı təqdimatların, musiqi və səhnə tamaşaların nümayişi ilə davam edib. Forum və elmi konfrans yerli və beynəlxalq kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılmışdır.
Copyright © 2015 - 2024 itchf Azərbaycan. Bütün hüquqlar qorunur