Günay Əfəndiyeva “Niyazi və Azərbaycan-Türkiyə mədəni əlaqələri” adlı Beynəlxalq Elmi-Praktiki Konfransda çıxış edib

Xəbərlər

Günay Əfəndiyeva “Niyazi və Azərbaycan-Türkiyə mədəni əlaqələri” adlı Beynəlxalq Elmi-Praktiki Konfransda çıxış edib

20 avqust 2020 17:16
Azərbaycanın və bütün Türk Dünyasının görkəmli dirijoru və bəstəkarı Niyazi Zülfüqar oğlu Tağızadə-Hacıbəyovun anadan olmasının 108-ci ildönümünə həsr olunmuş “Niyazi və Azərbaycan-Türkiyə mədəni əlaqələri” adlı Beynəlxalq Elmi-Praktiki Konfrans (onlayn video-konfrans) keçirilmişdir. Konfransda Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva çıxış edərək, Azərbaycanın və bütövlükdə Türk dünyasının mədəniyyətində Niyazinin dərin iz buraxdığını, özundə həm milliliyi, eyni zamanda bəşəriliyi ehtiva etdiyini, müxtəlif ölkələrdə Azərbaycan, Türkiyə və xarici bəstəkarlarının əsərlərinə dirijorluq edərək, onları bütün dünyaya tanıtdığını vurğuladı. Niyazinin adının hər zaman həm Azərbaycanda, həm də Türkiyədə sevgi ilə anıldığını qeyd edən G.Əfəndiyeva, ulu öndər Heydər Əliyevin Niyazi ilə münasibətlərindən danışdı, üç il əvvəl Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Bakıda Niyazinin abidəsinin açılış mərasimini xatırlatdı. Azərbaycan–Türkiyə münasibətlərinə toxunan Fondun prezidenti dedi: “Bu gün Azərbaycan–Türkiyə əlaqələrinin hər bir sahədə - siyasi, ictimai, mədəni və digər istiqamətlərdə inkişafından biz qürurla danışırıq. Əminliklə deyə bilərəm ki, Niyazi Azərbaycan–Türkiyə mədəni əlaqələrinin ənənələrini formalaşdıran şəxsiyyətlərdən biridir”. O, həmçinin konfransın materialları, eləcə də Azərbaycan və Türkiyə muzeylərinin arxivlərində saxlanılan şəkillər və sənədlər əsasında Fondun himayəsi ilə “Niyazi və Azərbaycan–Türkiyə mədəni əlaqələri” kitabının nəşr olunmasını təklif etdi. Konfransda Azərbaycan və Türkiyədən iştirak edən alim və mütəxəssislər: Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, Əməkdar Mədəniyyət İşçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Alla Bayramova, İstanbul Universitetinin professoru Fethi Gedikli, Azərbaycanın Əməkdar artisti, Üsküdar Universiteti Sosiologiya kafedrasının müdiri, professor Əbülbəz Süleymanlı, Niyazinin Mənzil-Muzeyinin müdiri, Əməkdar Mədəniyyət işçisi Rza Bayramov, İstanbul Universiteti Konservatoriyasının Musiqişünaslıq kafedrasının magistri Ecem Tuğçe Akbulud, Azərbaycanlı gənc bəstəkar Sara Dilruba maestro Niyazinin Türkiyə-Azərbaycan mədəni əlaqələrinin yaradılması və inkişafında mühüm rolundan, onun Türkiyənin incəsənət xadimləri ilə dostluğundan söhbət açdılar. Tədbirdə, həmçinin görkəmli türk pianoçusu İdil Biretin konfransa göndərdiyi Niyazi ilə bağlı yazılı xatirələri səsləndirildi. Videokonfrans maraqlı fikir mübadiləsi ilə davam etdirildi.  
Copyright © 2015 - 2024 itchf Azərbaycan. Bütün hüquqlar qorunur