Günay Əfəndiyeva Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Koordinasiya Komitəsinin video-konfrans formatında keçirilmiş iclasında iştirak edib
Xəbərlər
Günay Əfəndiyeva Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Koordinasiya Komitəsinin video-konfrans formatında keçirilmiş iclasında iştirak edib
22 sentyabr 2020
14:53
22 sentyabr 2020-ci il tarixində Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Koordinasiya Komitəsinin video-konfrans formatında keçirilmiş iclasında iştirak edib.
Konfransda Türk Şurasının Baş katibi Bağdad Amreyev, TURKPA-nın Baş katibi Altınbek Mamayusupov, TURKSOY-un Baş katibi Dusen Kaseinov, Türk Akademiyasının prezidenti Darhan Kıdırali iştirak etdilər.
İclasda pandemiya dövründə beynəlxalq təşkilatların fəaliyyəti, Türk əməkdaşlıq təşkilatları arasında koordinasiyanın təmin edilməsi üçün atılacaq vacib addımlar, 2020-ci ildə həyata keçiriləcək proqram və layihələr və digər məsələlər müzakirə olundu.
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva iclasda çıxış edərək, pandemiya şəraitində təşkilat tərəfindən türk mədəni irsinin öyrənilməsi, qorunması, beynəlxalq müstəvidə tanıdılması məqsədi ilə həyata keçirilən tədbirlərdən və gələcək planlardan söz açdı.
Fondun prezidenti çıxışında Dağlıq Qarabağ münaqişəsinə toxunaraq, Azərbaycan – Ermənistan sərhəd xəttində ermənilər tərəfindən atəşkəs rejiminin dəfələrlə pozulduğunu qeyd etdi və məlum hadisələrlə əlaqədar təşkilat tərəfindən dərhal bəyanat verildiyini bildirdi.
G.Əfəndiyeva: “Azərbaycanın tarixi, mədəni, dini abidələrinin Ermənistan tərəfindən işğal olunan bölgələrdə yox edilməsi ilə bağlı Fondun xətti ilə araşdırılmalar aparılıb və onları qısa zamanda təqdim etməyi planlayırıq” dedi.
İclas Türk əməkdaşlıq təşkilatların rəhbərləri arasında fikir mübadiləsi ilə başa çatdı.