Günay Əfəndiyeva “Türkologiyanın bugünü və sabahı” adlı video-konfransında çıxış edib

Xəbərlər

Günay Əfəndiyeva “Türkologiyanın bugünü və sabahı” adlı video-konfransında çıxış edib

24 sentyabr 2020 14:49
24 sentyabr 1870-ci ildə Avropa ali məktəbləri arasında ilk Türkologiya kafedrası Macarıstanın Budapeşt universitetində yaradılmışdır. Bu münasibətlə ilk Türkologiya kafedrasının yaradılmasının 150 illiyinə həsr olunmuş “Türkologiyanın bugünü və sabahı” adlı video-konfrans keçirilib. Konfransı açıq elan edən Györg Hazai Fondunun rəhbəri Sesilia Hazai tədbirdə türk dünyasının tanınmış simalarının, beynəlxalq dərəcəli mütəxəssislərin, elm adamlarının iştirak etdiyini bildirib. O, Macarıstanda yaradılan ilk Türkologiya kafedrasının türk xalqlarının zəngin mədəniyyətinin qorunması istiqamətində mühüm əhəmiyyət daşıdığını bildirib. Sesilia Hazai türkologiyanın müxtəlif Avropa ölkələrində inkişafından, bu sahəyə beynəlxalq müstəvidə gənclərin cəlb olunmasından, türkdilli xalqların mədəni-rmənəvi sərvətinin Avropada tanınması istiqamətində görüləcək işlərin vacibliyindən danışıb. Konfransda iştirak edən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva çıxış edərək Macarıstanda ilk Türkologiya kafedrasının yaradılmasının həm Macarıstanın, həm də türkdilli xalqlarının həyatında önəmli iz qoyan, onların elmi və mədəni inkişafında xüsusi əhəmiyyət daşıyan mühüm bir hadisə olduğunu vurğulayıb. Türkologiya kafedrası vasitəsilə 150 il boyunca beynəlxalq aləmdə elmə töhfəsini verən tədqiqat sahələrinin yaradıldığını, tanınmış türkoloqların yetişdirildiyini bildirib. Görüş zamanı G.Əfəndiyeva Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyətindən, xarici ölkələrdə təşkil edilmiş konfrans və seminarlardan, eləcə də türkdilli xalqların irsinin və mədəniyyətinin qorunması və dünyada tanıdılması məqsədilə həyata keçiriləcək tədbirlərdən söz açıb. Fondun prezidenti Macarıstanın təşkilatın müşahidəçi ölkəsi olduğunu qeyd edərək, əlaqələrin daha da inkişaf etdirilməsi istiqamətində birgə təşkil edilməsi planlaşdırılan proqram və layihələrindən danışıb. Sonda Günay Əfəndiyeva Macarıstan ilə türkdilli xalqların ortaq köklərə, zəngin mədəni irsə sahib olduğunu qeyd edərək, bu zəngin irsin qorunması, gələcək nəsillərə ötürülməsi üçün lazimi işlərin görülməsinin əhəmiyyətindən söz açıb. Tədbirdə həmçinin Macarıstanın Şərqşünaslıq İnstitutunun direktoru və Budapeştin Eötvös Lorand Universitetinin Türkşünaslıq kafedrasının müdiri Benedek Peri, Vyana Universitetinin professoru Claudia Römer, Birmingham Universitetinin professoru Rhoads Murphey, Venesiyanın Ca ’Foscari Universitetinin professoru Elisabetta Ragagnin, Nur-Sultan şəhərinin Nazarbayev Universitetinin qazax və türk dili araşdırmaları kafedrasının müdiri Uli Şamiloğlu, İstanbul Universiteti türk dili və ədəbiyyatı kafedrasının müəllimi Mücahit Kacar və bir sıra tanınmış alimlər, mütəxəssislər iştirak edərək, türkologiyanın gələcək inkişaf perspektivlərini müzakirə etdilər.
Copyright © 2015 - 2024 itchf Azərbaycan. Bütün hüquqlar qorunur