Üzeyir Hacıbəyov irsi yalnız Azərbaycanın deyil, bütövlükdə Türk Dünyasının mədəni xəzinəsinə daxildir
Xəbərlər
Üzeyir Hacıbəyov irsi yalnız Azərbaycanın deyil, bütövlükdə Türk Dünyasının mədəni xəzinəsinə daxildir
09 sentyabr 2020
14:55
Bu gün, 18.09.2020 Türk Dünyasının dahi şəxsiyyəti, Azərbaycan milli bəstəkarlıq məktəbinin banisi, musiqişünas alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim Üzeyir Hacıbəyovun anadan olmasının 135 illik yubileyidir.
Üzeyir Hacıbəyov Azərbaycanın tarixi torpağı olan Qarabağda anadan olmuş, XIX-XX-ci əsrlərdə “Qafqaz Konservatoriyası” adlandırılan, Azərbaycanın qədim və gözəl guşələrindən olan Şuşada - zəngin mədəni mühitdə yetişmişdir.
Coşqun və çoxtərəfli fəaliyyəti ilə dövrünün ən maraqlı şəxsiyyətlərindən olan Üzeyir bəy Hacıbəyov bütün Şərqdə ilk operanın, eləcə də ilk operettanın müəllifidir. Azərbaycan milli opera sənətinin tarixi Üzeyir Hacıbəyovun 112 il öncə tamaşaya qoyulan “Leyli və Məcnun” operası ilə başlanmışdır.
Dahi bəstəkarın bəstələdiyi dünya şöhrətli “Koroğlu” operası, Türk Dünyası mədəniyyətində xüsusi yerə sahibdir. Onun əsərlərı yalnız Azərbaycanın deyil, bütövlükdə Türk Dünyasının mədəni inciləri sırasında yer alır.
Üzeyir Hacıbəyov eyni zamanda müstəqil Azərbaycan Respublikasının himninin müəllifidir. Millətə azadlıq şərafəti çatdıran himn bu gün də böyük qürurla səsləndirilir.
Dahi bəstəkarın Azərbaycan və Türk mətbuatının inkişafında da misilsiz xidmətləri vardır.
Üzeyir Hacıbəyov irsi yalnız Azərbaycanın deyil, bütövlükdə Türk Dünyasının mədəni xəzinəsinə daxildir. Onun Türk mədəniyyətinə verdiyi töhvələr yaddaşlarda silinməz iz olaraq qalacaqdır.