“44 gün Vətən müharibəsi, Hulusi Kılıç informasiya cəbhəsində” kitabının təqdimatı keçirilib

Xəbərlər

“44 gün Vətən müharibəsi, Hulusi Kılıç informasiya cəbhəsində” kitabının təqdimatı keçirilib

08 iyul 2021 08:05
Beynalxalq Türk Mədəniyyəti və İrsi Fondunda tanınmış diplomat, Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıçın “44 gün Vətən müharibəsi, Hulusi Kılıç informasiya cəbhəsində” kitabının təqdimatı keçirilib. Kitabda 44 günlük müharibə dövründə Hulusi Kılıçın peşəkar fəaliyyəti, eyni zamanda müəllifin verdiyi müsahibə və çıxışları əks olunub. Tədbiri giriş sözü ilə açan Beynalxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva qonaqları salamlayaraq, Fondun fəaliyyəti barədə məlumat verib. Günay Əfəndiyeva təşkilat tərəfindən Türk dünyasının maddi- mədəni irsinin araşdırılması, qorunması və təbliği ilə bağlı müxtəlif layihələrin həyata keçirildiyini, tədbirlərin təşkil edildiyini, belə tədbirlərdən birinin Hulusi Kılıçın “44 gün Vətən müharibəsi, Hulusi Kılıç informasiya cəbhəsində” kitabının təqdimat mərasimi olduğunu qeyd edib. Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsiylə tarixi günlər yaşadığını vurğulayan Fondun prezidenti, bu Şanlı Qələbənin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ağıllı və uzaqgörən siyasəti, cəsarətli çıxışları, Azərbaycan Ordusunun tükənməz gücü və Azərbaycan xalqının sarsılmaz birliyi sayəsində qazanıldığını bildirib. Şanlı Qələbənin bütün Türk dünyasının Zəfəri olduğunu qeyd edən Günay Əfəndiyeva, həmin mürəkkəb dövrdə Azərbaycanın yanında qardaş Türkiyənin durduğunu vurğulayıb. Vətən müharibəsi zamanı Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyip Ərdoğanın, Türkiyə Xarici İşlər və Müdafiyə Nazirliklərinin səviyyəsində dəstək göstərildiyini vurğulayaraq, Ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” ifadəsinin təkcə sözdən ibarət olmadığını bütün dünyaya sübut edildiyini qeyd edib. Fondun prezidenti ölkənin informasiya cəbhəsində mübarizə apardığı 44 Gün ərzində Azərbaycanı sevən insanlar tərəfindən dəstək göstərildiyini bildirərək, Hulusi Kılıçın bu çətin günlərdə baş verən hadisələrə öz mövqeyini bildirməsini və müsahibələr verməsini xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb. Sonradan bu reportajların, çıxışların istedadlı jurnalist Günel Yaz tərəfindən bir araya toplanaraq kitab şəklində çap olunduğunu qonaqların diqqətinə çatdırıb. Hulusi bəyin Türkiyənin səfiri kimi Azərbaycan üçün ən çətin və həssas zamanda çalışdığını bildirən Günay Əfəndiyeva, onun həm Azərbaycanda, həm də Moldovada fəaliyyət göstərdiyi dövrdə türkdilli xalqların bir-birinə yaxınlaşmasında xüsusi xidmətlərinin olduğunu qeyd edib. Azərbaycan Respublikası Baş Nazirinin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini – icra katibi Əli Əhmədov təşkil olunan tədbirin əhəmiyyətindən bəhs edərək, təqdimatın məhz Türk məkanında – Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda keçirilməsindən xüsusi məmnunluq duyduğunu qeyd edib. Əli Əhmədov “Bu kitabı görəndə Hulusi Kılıçın Azərbaycana qarşı dost mövqeyini hiss etdim, onun bu kitabda səsini və nəfəsini duydum. Gördüm ki, burada olan materiallar dövri mətbuatda olaraqkən mənə tanış idi və bilirdim ki, Hulusi Kılıç bir türk kimi cəbhədə vuruşur. İnformasiya cəbhəsində döyüşmək heç də bizim qəhraman, igidlərimizin gördüyü işdən az deyil. Hulusi Kılıçdan başqa bir mövqe də gözləmək mümkün deyildi. Azərbaycanda işlədiyi dövrdə Azərbaycan-Türkiyə dosluğunun bir carçısı və öz hərəkəti və mövcudluğu ilə ifadəçisi olduğunun dəfələrlə şahidi olmuşam. Hulusi Kılıçın bir diplomat olaraq mahiyətti türkçülüyü təbliğ etmək, genişləndirmək və qorumaqdan ibarətdir. Güman edirəm ki, bu təsadüfi deyil çünki türk olan şəxsdə mütləq belə duyğular var” - deyə bildirib. “Vətən müharibəsi Azərbaycan tarixində ən şərəfli anlardan biridir. Bizim dövrümüzə təsadüf edən bu müharibənin dəyəri ondan ibarətdir ki, Azrəbaycan-Türkiyə dostluğu və mərdliyini nümayiş etdirmiş oldu. Tariximizdə buna qədər kifayət qədər nümunələr göstərmək olar, amma bu dəfə də biz buna əmin olduq, öz əsgərlərimiz, cəngavərlərimiz Azəraycanın qüvvəsini yenidən bizim gözümüz önündə canlandırdı və türk ruhunun cəsarətini ortaya qoydu. Bu kitabda Hulusi Kılıçın şərh etmək istədiyi əsas ideya və fikir ondan ibarətdir ki, dostluq və qardaşlıq qandan gəlir və bu sözdə deyil, əməldə özünü göstərməlidir”, - deyə Əli Əhmədov əlavə edib. Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Hulusi Kılıçın həm Azərbaycan xalqı tərəfindən sevilən, həm də Azərbaycanı sevən bir səfir olduğunu bildirib. Anar onun daim Azərbaycanın maraqlarını və mənafelərini qoruyan bir diplomat olduğunu qeyd edib. Xalq yazıçısı bu yaxınlarda işıq üzü görən “Qarabağ dastanı, otuz ilin həsrəti - 44 günün zəfəri” kitabı haqqında məlumat verib. Bildirib ki, kitabda tanınmış yazarların Garabağ haqqında yazıları yer alıb. Sonra o, kitabı Hulusi Kılıça hədiyyə edib və Türkiyənin Vətən müharibəsində Azərbaycana dəstək olduğu üçün ona təşəkkürünü bildirib. Xalq yazıçısı Elçin sovetlər dönəmində Türkiyə ilə Azərbaycan arasında bağlı sərhədin yaşatdığı həsrətdən söz açıb. Bildirib ki, “ O zamanlar ziyalılarımız Türkiyəni, türk vətəndaşları isə Azərbaycanı ziyarət etmək istəsə də, bu mümkün deyildi. Sovet İmperiyasının dağıdılmasından sonra bütün reallıqlar dəyişdi, Azərbaycan Türkiyə münasibətləri yeni və qopmaz mərhələyə qədəm qoydu. Azərbaycan xalqının Türkiyəyə məhəbbəti, türkçülüyə hörməti və ehtiramı nəticəsində Azərbaycanda Türkiyə Respublikasının Səfirliyi fəaliyyət göstərməyə başladı. Hulusi Kılıç da Azərbaycan xalqının sevigisini qazanan səfirlərdəndir. Hulusi Kılıçın Azərbaycana olan sevigisi bütün türk dünyasına olan sevgidir və bu kitab həmin sevginin sayəsində ərsəyə gəlib “. Çıxış zamanı Elçin sabiq səfirin Bakıdakı 4 illik fəaliyyəti dövründə gördüyü işləri bir yerə toplayıb yeni bir kitab üzərində işləməyi də tövsiyyə edib. Sonra Milli Məclisin deputatları akademik Nizami Cəfərov, Jalə Əliyeva, Hikmət Babaoğlu, Məlahət İbrahimqızı və digərləri çıxış edərək Hulusi Kılıçın fəaliyyətilə bağlı fikirlərini bölüşüb, onun türk dünyasında fədakar bir insan olduğunu söyləyiblər. Türkiyənin Azərbaycandakı sabiq səfiri, kitabın müəllifi Hulusi Kılıç tarixi anlar yaşadığını vurğulayaraq, tədbirin türk qurumunda keçirilməsinə və təşkilinə görə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyevaya təşəkkürlərini bildirib. Hulusi Kılıç “ 44 günlük döyüş ərəfəsində bəlkə bədənim Türkiyədə idi, amma ruhum və ağlım cəbhədə idi. İnformasiya cəbhəsi isə diplomatik və siyasi bir cəbhədir. Bunu dəfələrlə söyləmişəm.Qarabağ üçün şəhid düşməyə hazır idim. Bizim xalqlarımız bir- birilərini yaxşı tanımırdılar. Əslində biz bu savaşda xalqlarımızın sevgisini, dəstəyini qazandıq. Bu bizim üçün ən böyük uğurdur. Mən bu kitabda hər gün bir şeylər yazmağa çalışdım. Televiziyada çıxışlar edərək türk xalqını məlumatlandırmağa çalışdım. Son olaraq, isə kitabın gəlirini YAŞAT Fonduna verməyi qərar verdim “ deyə bildirib. Sonda Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Türk xalqları arasında dostluq və qardaşlıq münasibətlərinin möhkəmləndirilnəsindəki xüsusi xidmətərinə görə Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıça Fondun xatirə plaketini təqdim edib. Sonda Azərbaycanın Əməkdar artisti Rəşad İlyasovun ifasında Azərbaycan və Türk xalq mahnıları səsləndirilib.
Copyright © 2015 - 2024 itchf Azərbaycan. Bütün hüquqlar qorunur