Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda “Bela Bartok ili”nin açılışı gərcəkləşib
Xəbərlər
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda “Bela Bartok ili”nin açılışı gərcəkləşib
03 iyul 2021
17:23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda dünyaca məşhur macar bəstəkarı Bela Bartokun anadan olmasının 140 illiyinə həsr olunmuş “Bela Bartok ili”nin açılışı gərcəkləşib.
Tədbiiri giriş sözü ilə açan Fondun prezidenti Günay Əfəndiyeva bildirib ki, Bela Bartokun bütün həyat və yaradıcılıq yolu cəsarət və nəciblik nümunəsidir. O, öz fərdi üslubunu əks etdirən bir çox gözəl əsərlər yaradıb və bu əsərlər XX əsr musiqi mədəniyyətinin ən yüksək nailiyyətlərindən biri hesab olunur.
“Bela Bartok böyük bəstəkar və pianoçu olmaqla yanaşı, həm də xalq yaradıcılığını dərindən bilən musiqi etnoqraf idi. Bela Bartok Şərqi Avropa və türk ölkələrinin folklorunun Avropada ən tanınmış araşdırmaçılarından biri olub. O, macar və türk xalq musiqisinin yaxınlığını duyaraq, onları tədqiq və müqayisə edib, bir-biri ilə genetik əlaqəsini sübut etmişdir. Həqiqətən, tarix boyu türk və macar mədəniyyətlərinin bir-birinə yaxın olması, türklərlə macarlar arasında sıx əlaqələrin yaradılmasını təşkil etmişdir. Macarıstan adının özü də bu bağlılığı əyani göstərir. Bütün dünya madyarlar ölkəsini – Macarıstanı “hunlar torpağı” adlandırır”, - deyə G.Əfəndiyeva bildirib.
Macarıstanın Azərbaycandakı fövqaladə və səlahiyyətli səfiri Viktor Szederkenyi gecənin təşkilinə görə Günay Əfəndiyevaya təşəkkürünü bildirərək, tədbirin əhəmiyyətindən söz açıb: “Macarıstan artıq 2 ildir Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun müşahidəçi ölkəsidir və biz bu sahədə türk dünyası ilə əməkdaşlığımızı dərinləşdiririk. Ortaq tarixi və mədəni mənşəyimizə görə türkdilli xalqları dost və qardaş hesab edirik”. Bela Bartokun Budapeştdə mövcud elmi ədəbiyyatı və türk dilini öyrəndiyini deyən səfir bildirib ki, bəstəkar İstanbuldakı konservatoriya tərəfindən türk xalq ifaçılarından toplanan xalq musiqisi səsyazmaları kolleksiyasını da dərindən incəliyib.
Tədbirdə Fondun himayəsində yaradılan “Dədə Qorqud” kamera orkestrinin ifasında bəstəkarın “Divertisment” və “Rumın xalq rəqsləri” əsərlərindən ibarət konsert proqramı təqdim edilib. “Dədə Qorqud” kamera orkestri türk dünyasının zəngin mədəniyyət və incəsənətini, xalq yaradıcılığını, dahi bəstəkarlarının əsərlərini beynəlxalq aləmdə tanıtmaq məqsədilə yaradılıb. Orkestrin bədii rəhbəri və dirijoru Azərbaycanın Xalq artisti, professor Yalçın Adıgözəlovdur.
Tədbirdə rəsmilər, Fonda üzv və müşahidəçi ölkələrin səfir və nümayəndələri, tanınmış dövlət, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.