Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda Üzeyir Hacıbəylinin 135 illik yubileyi münasibətilə tədbir keçirildi

Xəbərlər

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda Üzeyir Hacıbəylinin 135 illik yubileyi münasibətilə tədbir keçirildi

18 sentyabr 2021 16:26
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda Azərbaycanın və bütövlükdə Türk dünyasının görkəmli bəstəkarı, musiqişünas-alimi, publisisti, dramaturqu, pedaqoqu, Şərqdə ilk opera və operettanın müəllifi, Azərbaycan milli musiqi məktəbinin banisi Üzeyir Hacıbəyliyə həsr olunmuş tədbir çərçivəsində böyük bəstəkarın 135 illik yubileyi münasibətilə Fond tərəfindən İspaniyada nəşr olunmuş poçt markalarının təqdimatı keçirilib. Təqdimat mərasimində dövlət rəsmiləri, Azərbaycanda akkreditə olunmuş səfirlər və diplomatik korpusun nümayəndələri, tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak ediblər. Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva tədbirin əhəmiyyətindən söz açaraq bildirib ki, hər il Azərbaycanda ənənəvi olaraq Milli Musiqi Günü silsilə tədbirlərlə qeyd edilir: “Üzeyir Hacıbəyli o dahi şəxsiyyətlərdəndir ki, neçə-neçə nəsillərin yetişməsində, milli təfəkkürün, milli şüurun formalaşmasında, eyni zamanda Azərbaycan və bütövlükdə Türk dünyasının mədəniyyətinin və incəsənətinin inkişafında danılmaz rolu olub. Üzeyir bəyin fəaliyyəti, onun yaradıcılığı, həyatı o qədər çoxşaxəlidir ki, hər bir sahə üzrə neçə-neçə monoqrafiyalar yazılıb, tədqiqatlar aparılıb. Üzeyir bəyin operaları, musiqili komediyaları, ölməz romansları və digər əsərləri Türk dünyasının musiqi xəzinəsinin inciləridir. Bu il Azərbaycan, ümumilikdə Türk Dünyası üçün tarixi bir ildir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qətiyyətli mövqeyi və Azərbaycan Ordusunun tükənməz gücü ilə tarixi torpaqlar işğaldan azad edilib. Üzeyir bəyin güllələnmiş heykəli artıq o acılardan, agrılardan azad olub. Çünki o öz Vətəninə, torpağına qovuşub, öz evindədir. Necəki Qarabağ Azərbaycanın ayrılmaz parçası, Şuşa Azərbaycanın mədəniyyət paytaxtı kimi simvollarıdır, eləcə də dahi Üzeyir bəy də Azərbaycanın daimi simvollarından biridir. ” Günay Əfəndiyeva diqqətə çatdırıb ki, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun himayəsi ilə Türk dünyası mədəniyyətinin və incəsənətinin görkəmli nümayəndələrinin zəngin yaradıcılığını daha geniş beynəlxalq auditoriyalarla tanış etdirmək məqsədilə poçt markaları çap olunur. Növbəti poçt markaları dahi bəstəkar Üzeyir Hacıbəylinin 135 illiyi münasibətilə İspaniyada nəşr edilərək, dövriyyəyə buraxılıb. Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Təhsil naziri Emin Əmrullayev dahi bəstəkar Üzeyir Hacıbəylinin Azərbaycan musiqi mədəniyyətinin inkişafındakı misilsiz xidmətlərindən söz açaraq, görkəmli bəstəkarın yaradıcılığından bəhs edib. Nazir Azərbaycan musiqisinin banisi və Azərbaycan milli kimliyinin ayılmaz parçası olan Üzeyir bəyin adının Azərbaycan musiqisində və təhsilində əvəzssiz və təkrarolunmaz bir iz buraxdığını bildirib. Uzun illər Azərbaycan müxtəlif təsirlərə məruz qalmasına baxmayaraq musiqimiz özünəməxsusluğu ilə mövcudluğunu qoruyub saxlaya bilmişdir. Emin Əmrullayev Üzeyir bəyin nəinki Azərbaycan musiqisinin inkişafında, hətta təhsilinin formalaşmasında, irəliyə aparılmasındakı fəaliyyətindən də danışıb. Onun yaratdığı əsərlər bunu bir daha sübut edir. Görkəmli bəstəkarın irsinin öyrənilməsi və tədqiqinin nümunə olduğunu deyən nazir vurğulayıb ki, Üzeyir Hacıbəyli məktəbi bu gün olduğu kimi, gələcəkdə də insanlar üçün örnək olaraq qalacaq: “Üzeyir Hacıbəylinin doğum gününün Milli Musiqi Günü kimi qeyd edilməsi əlamətdar hadisədir. Bu münasibətlə bütün musiqi ictimaiyyətini təbrik edirəm. Fürsətdən istifadə edib vaxtı ilə Üzeyir bəyin rəhbərlik etdiyi Bakı Musiqi Akademiyasının kollektivini də 100 illik münasibətilə təbrik edirəm”. Təhsil naziri tədbirin təşkilinə görə təşəkkür edərək “ Biz Azərbaycan musiqisini, Azərbaycan mədəniyyətini müxtəlif formalarda tanıtmalıyıq və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun da bunu yüksək səviyyədə yerinə yetirir” deyə bildirib. Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru , Xalq artisti Fərhad Bədəlbəyli çıxış edərək, keçirilən tədbirin əhəmiyyətindən söz açıb. Fərhad Bədəlbəyli “ Üzeyir Hacıbəyli bizim hər birimiz üçün müqəddəs bir insandır. Mənim üçün isə xüsusilə əzizdir. Bizim Ailədə Üzeyir bəyin adı böyük hörmətlə, məhəbbətlə çəkilib. Üzeyir bəyin adı bir zamanlar bizim akademiyadan götürülmüşdü. Daha sonra Azərbaycan Respublikasının sevimli Prezidentinin müvafiq tapşırığı ilə o ad yenidən bizim akademiyamıza qaytarıldı. Üzeyir bəy bir dərya kimi bizə yol göstərmişdir. Bizim musiqimiz qızıldır. Üzeyir bəyin şagirləri Fİkrət Əmirov, Qara Qarayev, Cahangir Cahangirov, Soltan Hacıbəyov və.s kimi dəyərli sənətkarlar musiqi xəzinəmizin incilərindəndir” – deyə qeyd edib. Fərhad Bədəlbəyli “Mən çox şadam ki, Üzeyir bəyə həsr olunmuş tədbir məhz Türk evində, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda keçirilir. Çox müstəsna haldır ki, Üzeyir bəyin markası İspaniyada çap olunaraq, Avropada yayılır” deyə bildirib. Daha sonra Azərbaycan Respublikasının Əməkdar artistləri Sahib Paşazadenin tarda və Kamran Kərimovun nağarada müşayəti ilə poçt markaların möhürlənməsi mərasimi keçirilib. Zərfin üzərində yer alan Uzeyir Hacıbəyli markaları Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, Azərbaycan Respublikasının Təhsil naziri Emin Əmrullayev və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli tərəfindən imzalanıb. Tədbir 3 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin və Müslüm Maqomayev adına 26 nömrəli on bir illik musiqi məktəbinin şagirdlərinin ifasında milli musiqi alətlərinin müşayiəti ilə Üzeyir Hacıbəylinin bəstələdiyi əsərlərdən səhnəciklərin nümayişi ilə davam edib. Sonda uşaqlara Fond tərəfindən nəşr olunan Ü. Hacıbəylinin ”O olmasın, bu olsun” – “Özün düzəlt” kitabı paylanılıb.  
Copyright © 2015 - 2024 itchf Azərbaycan. Bütün hüquqlar qorunur