Ərdoğan Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun maliyyələşdirilməsi ilə bağlı protokolu təsdiqlədi
Xəbərlər
Ərdoğan Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun maliyyələşdirilməsi ilə bağlı protokolu təsdiqlədi
25 mart 2021
19:02
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun maliyyələşdirilməsi ilə bağlı protokolu təsdiqləyib.
Protokola əsasən, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun büdcəsi Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) üzv olan ölkələrin, o cümlədən Türkiyənin ödənişləri əsasında formalaşdırılacaq.
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Azərbaycan Respublikasının Prezidentinin təşəbbüsü və Qazaxıstan, Qırğızıstan və Türkiyə Respublikaslarının dövlət başçılarının dəstəyi ilə yaradılmışdır. 2019-cu ildə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) VII Zirvə Toplantısında Özbəkistan təşkilata üzv, Macarıstan isə müşahidəçi ölkə statusunu qazanmışdır. 2021-ci ilin fevral ayında Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə Litva Respublikasının Azərbaycandakı Səfirliyi arasında Əməkdaşlıq Memorandumu imzalanmışdır.
Təşkilatın mənzil- qərargahı Bakı şəhərində yerləşir. Fondun binasının açılış mərasimi Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 7-ci Zirvə Görüşü çərçivəsində 2019-cu ilin oktyabr ayında Fonda üzv və müşahidəçi ölkələrin xarici işlər nazirlərinin, beynəlxalq türkdilli təşkilatların rəhbərlərinin iştirakı ilə baş tutmuşdur.