Günay Əfəndiyeva Beynəlxalq Türk Dili Gününün elan olunması münasibətilə keçirilən online konfransda iştirak edib
Xəbərlər
Günay Əfəndiyeva Beynəlxalq Türk Dili Gününün elan olunması münasibətilə keçirilən online konfransda iştirak edib
21 dekabr 2021
17:33
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Beynəlxalq Türk Dili Gününün elan olunması münasibətilə keçirilən online konfransda iştirak edib.
Konfrans Türkiyə Respublikasının UNESCO üzrə Milli Komissiyası, Pamukkale Universiteti və Avrasiya Yazıçılar Birliyi tərəfindən təşkil olunub.
Tədbirdə beynəlxalq Türk əməkdaşlıq təşkilatlarının rəhbər və nümayəndələri, Türk dövlətlərinin UNESCO üzrə Milli Komisiyalarının baş katibləri, millət vəkiləri, alimlər, tanınmış elm və mədəniyyət xadimləri iştirak ediblər.
Tədbirdə çıxış edən Günay Əfəndiyeva Beynəlxalq Türk Dili Gününün elan olunmasının önəmindən söz açıb. Bildirib ki, ulu əcdadlarımızın, dahi şair və mütəfəkkirlərimizin bu dildə yazıb yaratdığı əsərlər Türk dünyasının mədəni mirasına çevrilmişdir. Günay Əfəndiyeva Türk xalqlarının ən dəyərli ortaq sərvəti olan Türk dilini daha da inkişaf etdirməyi, dünyaya tanıtmağı Türk təşkilatlarının əsas hədəflərindən biri olduğunu qeyd edib.
Ortaq əlifba məsələsinə toxunan Fondun prezidenti Türk dünyasının böyük oğlu, Ulu Öndər Heydər Əliyevin Azərbaycanda latın əlifbasının tətbiqini rəsmiləşdirərək, mühüm qərarlar qəbul etdiyini diqqətə çatdırıb. Günay Əfəndiyeva Qazaxıstanın Birinci Prezidenti, Elbası Nursultan Nazarbayevin təşəbbüsü ilə Qazaxıstanda latın əlifbasına mərhələli keçidin geniş vüsət aldığını vurğulayıb.
Günay Əfəndiyeva Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2019-cu ilin Nəsimi ili, 2021-ci ilin Nizami Gəncəvi ili, Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan tərəfindən 2021-ci ilin Yunus Əmrə və Türkcə ili elan olunduğunu, və bu təşəbbüslərin qardaş türk xalqlarını bir-birinə daha da yaxınlaşdıran, Türk dili ilə yanaşı Türk irsinin, adət və ənənələrinin beynəlxalq səviyyədə təbliğinə xidmət edən addımlar olduğunu bildirib.
Günay Əfəndiyeva ümumtürk dəyərlərinin tanıdılmasının, Türk xalqlarının zəngin mədəniyyətinin qorunmasının Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun əsas fəaliyyət istiqamətlərindən biri kimi qiymətləndirib.