Günay Əfəndiyeva “Dünyanın çökdüyü gün” kitabının təqdimat mərasimində iştirak edib
Xəbərlər
Günay Əfəndiyeva “Dünyanın çökdüyü gün” kitabının təqdimat mərasimində iştirak edib
13 oktyabr 2021
15:45
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Qazaxıstan Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin təşkilatçılığı ilə Qazaxıstan Respublikasının Dövlət Müstəqilliyinin 30 illik yubileyi və Semipalatinsk nüvə sınağı poliqonunun fəaliyyətini dayandırmasının 30 illiyi münasibəti ilə nəşr edilən Rollan Seysenbayevin Azərbaycan dilinə tərcümə olunmuş “Dünyanın çökdüyü gün” kitabının təqdimat mərasimində iştirak edib.
Tədbiri Qazaxıstan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Serjan Abdıkarimov açaraq, Qazaxıstanın 30 il müddətində müstəqil ölkə olaraq qazandığı uğurlardan bəhs edib. Səfir Rollan Seysenbayevin “Dünyanın çökdüyü gün” kitabının görkəmli yazıçı, publisist və ssenarist Nəriman Əbdülrəhmanlı tərəfindən tərcümə edildiyini qeyd edərək, bu kitabın iki ölkənin xalqları arasında mədəni əlaqələrin genişlənməsində rol oynayacağına inandığını bildirib.
Günay Əfəndiyeva təqdimatda çıxış edərək, keçirilən tədbirin əhəmiyyətindən bəhs edib. Fondun prezidenti çıxışında 2021-ci ilin türkdilli dövlətlərin müstəqillliklərinin 30-ci ildönümü olmasına diqqət çəkərək, bu illər ərzində hər bir ölkənin müxtəlif inkişaf yolu keçdiyini bildirib. O, Qazaxıstanın həm Türk Dünyasında, həm dünya müstəvisində öz layiqli yerini tutan ölkələrdən olduğunu bildirib. Günay Əfəndiyeva ilk növbədə Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayevin uğurlu siyasəti nəticəsində bugün Qazaxıstanın beynəlxalq aləmdə nüfuzlu dövlətə çevrildiyini qeyd edib. Nursultan Nazarbayevin tarixi qərarlarından birinin Semipalatinsk nüvə poliqonunun bağlanması olduğunu vurğulayaraq, bu qərarla Qazaxıstanın həm regionda, həm Türk Dünyasında, eyni zamanda bütün dünyada stabilliyin, təhlükəsizliyin tərəfdarı olduğunun sübut edildiyini bildirib.
Günay Əfəndiyeva Semipalatinsk nüvə poliqonunun bağlanmasında Qazaxıstanın görkəmli şair və ictimai-siyasi xadimi Oljas Süleymenovun xüsusi rolunun olduğunu vurğulayaraq, onun Azərbaycan və Qazaxıstan arasındakı münasibətlərin inkişafında, Türk Dünyasının mədəni əlaqələrinin gücləndirilməsindəki xidmətlərindən bəhs edib. Fondun prezidenti tarixi hadisələrin mədəniyyətə, incəsənətə, ədəbiyyata təsir göstərdiyini qeyd edərək, Qazaxıstanın tanınmış yazıçısı və ictimai xadimi Rollan Seysenbayevin “Dünyanın çökdüyü gün” kitabının vacib əhəmiyyət daşıdığını və Azərbaycanda da işıq üzü görməsinin türkdilli xalqların bir-birinə daha da yaxınlaşmasına töhvə verəcəyini bildirib.
Tədbirdə Azərbaycanın tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.