Günay Əfəndiyeva “Göyçədən Türk Dünyasına ” mövzulu videokonfransda iştirak edib
Xəbərlər
Günay Əfəndiyeva “Göyçədən Türk Dünyasına ” mövzulu videokonfransda iştirak edib
30 mart 2021
18:57
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, qüdrətli söz ustadı Aşıq Ələsgərin (1821-1926) 200 illik yubileyinə həsr olunmuş “Göyçədən Türk Dünyasına ” mövzulu videokonfransda iştirak edib.
Konfransda çıxış edən Fondun prezidenti Aşıq Ələsgərin 200 illik yubileyi ilə bağlı keçirilən tədbirin xüsusi əhəmiyyət kəsb etdiyini bildirib. Günay Əfəndiyeva Azərbaycanın
Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə aşıq sənətinin UNESCO-nun qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına salınmasını geyd edərək, Azərbaycanın və bütövlükdə Türk Dünyasının aşıq yaradıcılığından, dastanlarından danışıb və onların fərqləndirici xüsusiyyəti kimi tək sözlə deyil, eyni zamanda sazla, qopuzla, dombra ilə müşayət olunduğunu vurğulayıb.
Günay Əfəndiyeva Aşıq Ələsgərin zəngin yaradıcılığının, böyük ustadın sözü və sazının Göyçə mahalından başlayaraq türk dünyası xalqlarının genetik yaddaşında həkk olunduğunu bildirib. Şairin qəbrinin dağıdılması məsələsini dilə gətirən G. Əfəndiyeva Azərbaycanın maddi-mədəni irsinə dəyən ziyanı təəssüflə qeyd edib.
Fondun prezidenti bu il Türk Dünyasının Azərbaycanla birgə Aşıq Ələsgərin, Qazaxıstanla birgə Jambul Jabayevin, eləcə də Türkiyə ilə birgə Yunus Emrənin yubileylərini qeyd etdiyini vurğulayıb. O, həmçinin Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun bununla əlaqədar “3 Ozan bir arada” adlı konfransın yaxın günlərdə keçiriləcəyini bildirib.
Tədbirdə Azərbaycanın mədəniyyət naziri Anar Kərimov, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, TÜRKSOY-un Baş katibi Düsen Kaseinov, Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdıralı və digər ziyalılar iştirak edib.
Videokonfrans Azərbaycan Mədəniyyət Nazirliyi, Milli Məclisin Mədəniyyət komitəsi, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, TÜRKSOY, Beynəlxalq Türk Akademiyasının, Azərbaycan Yazıçılar Birliyi, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, Azərbaycan Aşıqlar Birliyi, Azərbaycan Qaçqınlar Cəmiyyətinin birgə təşkilatçılığı ilə gerçəkləşib.