Günay Əfəndiyeva ilə Qazaxıstanın Xarici İşlər naziri arasında görüş keçirilib
Xəbərlər
Günay Əfəndiyeva ilə Qazaxıstanın Xarici İşlər naziri arasında görüş keçirilib
19 iyun 2021
17:47
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Türkiyə Respublikasının Antalya şəhərində keçirilən Antalya Diplomatiya Forumunda iştirak edir.
Fotum çərçivəsində Fondun prezidenti Günay Əfəndiyeva ilə Qazaxıstan Respublikasının Baş nazirinin müavini və Qazaxıstanın Xarici İşlər naziri Muxtar Tleuberdi arasında görüş keçirilib.
Görüşdə Fondun qurucu üzv ölkəsi olan Qazaxıstan ilə təşkilat arasında mövcud əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsinin və genişləndirilməsinin vacibliyi mövzusunda danışıqlar aparılıb.
Günay Əfəndiyeva görüşdə Qazaxıstan ilə tərəfdaşlıq münasibətlərinin Fond üçün böyük əhəmiyyətə malik olduğunu vurğulayıb. O, Fond tərəfindən Qazaxıstanın maddi-mədəni irsinin qorunması və təbliği ilə bağlı müxtəlif layihələrin, tədbirlərin keçirildiyini, konfransların, dəyirmi masaların təşkil olunduğunu, kitabların nəşr etdirildiyini bildirib. Fondun prezidenti, eyni zamanda türkdilli ölkələrin, eləcə də Qazaxıstanın zəngin adət-ənənələrinin, tarixinin tanıdılması ilə bağlı gələcəkdə daha çox birgə işlərin görülməsinin bütövlükdə türk dünyasının mədəni inkişafına xüsusi töhvələr verə biləcəyini bildirib.
Qazaxıstanın xarici işlər naziri Muxtar Tleuberdi Fond tərəfindən təqdirəlayiq işlər görüldüyünü qeyd edərək, qurumun fəaliyyətini yüksək qiymətləndirib. Nazir türkdilli xalqların bir-birinə yaxınlaşmasında türkdilli beynəlxalq təşkilatların xüsusi rolunun olduğunu bildirib. O, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun da bu istiqamətdə fəaliyyətinin əhəmiyyətini vurğulayaraq, təşkilat tərəfindən keçirilən layihələrə dəstək verəcəyini qeyd edib.
Görüşdə tərəflər, eyni zamanda Türküstanın türk dünyasının mənəvi paytaxtı, Şuşanın isə Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsinin təsadüf olmadığına, Şuşanın gələcəkdə türk dünyasının mədəni mərkəzlərindən olması üçün birgə səylərin göstərilməsinin önəminə toxunublar.