Günay Əfəndiyeva işğaldan azad olunmuş Tərtər rayonunun Suqovuşan qəsəbəsinə və Talış kəndinə səfər edib
Xəbərlər
Günay Əfəndiyeva işğaldan azad olunmuş Tərtər rayonunun Suqovuşan qəsəbəsinə və Talış kəndinə səfər edib
25 oktyabr 2021
15:40
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Azərbaycanın işğaldan azad olunmuş Tərtər rayonunun Suqovuşan qəsəbəsinə və Talış kəndinə səfər edib.
Səfər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin rəhbərliyi ilə diplomatik korpusun nümayəndələrinin və hərbi attaşelərin tarixi Azərbaycan torpaqlarına ziyarəti çərçivəsində baş tutub.
Tərtərdə səfərdə olan Azərbaycandakı diplomatik korpusun nümayəndələrinə ermənilərin raket və artilleriya atəşi nəticəsində rayonda törədilən dağıntılar barədə məlumat verilib. Diplomatlar səfər zamanı Tərtərin Suqovuşan qəsəbəsində “Suqovuşan-1” və “Suqovuşan-2” Kiçik Su Elektrik stansiyaları ilə tanış olublar. Daha sonra səfər iştirakçıları erməni işğalçıları tərəfindən viran qoyulmuş Talış kəndində yerləşən rus-pravoslav kilsəsini, azad edilmiş ərazilərdə qədim xristian məbədlərini ziyarət ediblər. Diplomatlar Suqovuşan qəsəbəsində və Talış kəndində Azərbaycan tərəfindən aparılan bərpa və yenidənqurma işləri ilə tanış olublar.
Fondun prezidenti Günay Əfəndiyeva, eləcə də Azərbaycandakı diplomatik korpusun nümayəndələri səfər çərçivəsində xatirə olaraq 150 şam ağacı əkiblər.