Günay Əfəndiyeva Litvanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirii ilə görüşüb

Xəbərlər

Günay Əfəndiyeva Litvanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirii ilə görüşüb

15 aprel 2021 18:34
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda Fondun prezidenti Günay Əfəndiyeva ilə Litva Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Eqidius Navikas arasında görüş keçirilib. Görüş zamanı Günay Əfəndiyeva türkdilli xalqların irsinin və mədəniyyətinin qorunması və dünyada tanıdılması məqsədilə həyata keçirilən layihələrdən, müasir zamanda pandemiya şəraitinə uyğun təşkil edilmiş konfrans və seminarlardan bəhs edib. Həmçinin Günay Əfəndiyeva cari ilin fevral ayında Fond ilə Litvanın Azərbaycandakı səfirliyi arasında imzalanan Memorandumdan söz açıb. O, Litvanın türk etnik kökənli azsaylı xalqlarının - tatarların və karaimlərin tarixinin, mədəniyyətinin qorunması və türk dünyasının zəngin irsinin daha da geniş şəkildə tanıdılması məqsədi daşıyan Memorandumun vacibliyini vurğulayıb. Görüşdə Litva Respublikasının Azərbaycandakı səfiri Eqidius Navikas Fondun fəaliyyətini yüksək qiymətləndirərək, təşkilat tərəfindən görülən işlərə, keçirilən layihələrə dəstək verəcəyini bildirib. Fond ilə Litva arasında Memorandumun imzalanmasından məmnunluq duyduğunu vurğulayan səfir təmsil etdiyi ölkə və təşkilata üzv və müşahidəçi olan dövlətlər arasında qarşılıqlı mədəni əlaqələrin olduğunu qeyd edib. Eqidius Navikas, eyni zamanda, Litvada yaşayan azsaylı türkdilli xalqların tarixi, mədəni irsinin mühafizəsinə, araşdırılmasına xüsusi diqqətlə yanaşıldığını bildirib. Səfir, həmçinin Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə Litva Respublikasının Azərbaycandakı səfirliyi arasında əməkdaşlığın uğurlu inkişafına inandığını qeyd edib. Görüşdə tərəflər arasında münasibətlərin genişləndirilməsi və möhkəmləndirilməsi istiqamətində müzakirələr aparılıb.
Copyright © 2015 - 2024 itchf Azərbaycan. Bütün hüquqlar qorunur