Günay Əfəndiyeva Mir Həmzə Seyid Nigari Qarabağinin həyat və yaradıcılığına həsr olunan beynəlxalq simpoziumda iştirak edib

Xəbərlər

Günay Əfəndiyeva Mir Həmzə Seyid Nigari Qarabağinin həyat və yaradıcılığına həsr olunan beynəlxalq simpoziumda iştirak edib

04 oktyabr 2021 16:18
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Azərbaycan ədəbi fikir tarixinin görkəmli nümayəndəsi, Türk təsəvvüfünün və ədəbiyyatının XIX əsr davamçılarından biri Mir Həmzə Seyid Nigari Qarabağinin həyat və yaradıcılığına həsr olunan beynəlxalq simpoziumda iştirak edib. Tədbirdə çıxış edən Fondun prezidenti Azərbaycanın əzəli torpaqlarının işğaldan azad edilməsiylə 30 illik həsrətə son qoyulmasının bütün Türk Dünyasına qürur yaşatdığını bildirib. Günay Əfəndiyeva tədbirin əhəmiyyətindən bəhs edərək, simpoziumun tarixi günlərdə keçirilməsinin simvolik məna daşıdığını qeyd edib. Günay Əfəndiyeva çıxışında Azərbaycan və Türkiyənin dostluq, qardaşlıq münasibətlərindən danışaraq, bu mənəvi birliyin yaşadığımız tarixi günlərdə də bir daha sübut edildiyini bildirib. Fondun prezidenti Ulu Öndər Heydər Əliyevin “Bir millət iki dövlət” fəlsəfəsinin böyük məna ifadə etdiyini vurğulayaraq, iki ölkə arasında güclü mədəni körpülər qurulduğunu deyib. “Qarabağ Azərbaycana və bütövlükdə Türk Dünyasına mədəniyyətin, incəsənətin və elmin hər bir sahəsində görkəmli nümayəndələr bəxş edib. Eyni zamanda bu müqəddəs torpaq dini-ürfani, təsəvvüfü, fəlsəfi irs qoyan böyük şəxsiyyətlər yetişdirib. Bu şəxsiyyətlərdən biri Mir Həmzə Nigaridir”, - deyə Günay Əfəndiyeva bildirib. Fondun prezidenti Nigari Qarabağinin suni yaradılmış sterotiplərin əksinə islamın incəsənətlə əlaqəsini, bağlılığını göstərdiyini, öz əsərlərində insanı daxili təmizliyə, mənəvi yüksəlişə, eyni zamanda Vətənə sevgiyə, torpağa dəyər verməyə səslədiyini qeyd edib. “Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun da missiyası bu dəyərləri təbliğ etmək, bütün dünyada nümayiş etdirmək, ən başlıcası isə bu dəyərlərə sahib çıxmaq və onları unutmamaqdır. Çünki bunlar bizim tariximiz, gerçəyimiz və gələcəyimizdir” - deyə Günay Əfəndiyeva bildirib. Tədbir Bakı Dövlət Universitetinin və Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Vəqfinin (TADİV) birgə təşkilatçılığı ilə keçirilib. Beynəlxalq simpoziumda Türkiyə və Azərbaycanın dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, mədəniyyət və ictimai xadimlər, BDU-nun müəllim və tələbələri iştirak ediblər.  
Copyright © 2015 - 2024 itchf Azərbaycan. Bütün hüquqlar qorunur