Günay Əfəndiyeva “ Nizami Gəncəvi yaradıcılığı Azərbaycanın əqli mülkiyyəti və bəşəriyyətin mədəni sərvətidir ” adlı online vebinarda iştirak edib

Xəbərlər

Günay Əfəndiyeva “ Nizami Gəncəvi yaradıcılığı Azərbaycanın əqli mülkiyyəti və bəşəriyyətin mədəni sərvətidir ” adlı online vebinarda iştirak edib

06 aprel 2021 18:47
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva “ Nizami Gəncəvi yaradıcılığı Azərbaycanın əqli mülkiyyəti və bəşəriyyətin mədəni sərvətidir ” adlı online vebinarda iştirak edib. Tədbiri geniş giriş sözü ilə açan Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov Azərbaycan dövləti tərəfindən tarixi şəxsiyyətlərə göstərilən diqqətdən bəhs edib və Nizaminin yaradıcılığının poeziyanın parlaq səhifəsi olaraq, zəngin dünyagörüşü və biliklər zirvəsi olduğunu bildirib. Tədbirdə çıxış edən Fondun rəhbəri Günay Əfəndiyeva Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2021-ci ilin “ Nizami ili” elan etməsinin onun Azərbaycanın, ümumilikdə Türk Dünyasının görkəmli şəxsiyyətlərinə verdiyi dəyərin sübutu kimi qiymətləndirib. Fondun prezidenti Nizaminin əsərlərinin hər zaman müasir olduğunu, bu gün də nizamişünaslıqda yeni fikirlər söylənildiyini, şairin yaradıcılığının yeni estetik baxışlar tələb etdiyini vurğulayıb. O, Nizaminin bədii irsinin bütün Türk dünyasının, bütövlükdə bəşəriyyətin sərvəti olduğunu bildirib. Günay Əfəndiyeva, həmçinin müxtəlif ölkələrdə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən həyata keçirilən Nizami yaradıcılığına həsr edilən layihələrdən bəhs edib. Vebinarda Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Seragəldin, ISESCO-nun sabiq baş direktoru Əbdüləziz Osman əl-Tuveycri, Azərbaycan Respublikasının təhsil nazirinin müavini Firudin Qurbanov, eləcə də tanınmış ziyalılar və alimlər iştirak edərək, dahi Azərbaycan şairi Nizami Gəncəvinin həyat və yaradıcılığı ilə bağlı öz fikirlərini bölüşüblər. Tədbir Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun birgə əməkdaşlığı çərçivəsində keçirilib.  
Copyright © 2015 - 2024 itchf Azərbaycan. Bütün hüquqlar qorunur