Günay Əfəndiyeva Polşaya rəsmi səfəri çərçivəsində bir sıra görüşlər keçirdi
Xəbərlər
Günay Əfəndiyeva Polşaya rəsmi səfəri çərçivəsində bir sıra görüşlər keçirdi
04 dekabr 2021
17:52
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Polşaya rəsmi səfəri çərçivəsində Qazaxıstan Respublikasının Polşa Respublikasındakı səfiri Alim Kirabayev, Özbəkistan Respublikasının Polşa Respublikasındakı səfiri Bahrom Boboyev və Macarıstanın Polşa Respublikasındakı səfiri Orsolya Zsuzsanna Kovács ilə görüşüb.
Görüşlərdə Fond ilə təşkilatın üzv və müşahidəçi dövlətləri arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, türk xalqlarının bir-birinə yaxınlaşdırılması istiqamətində birgə atılacaq addımların vacibliyi kimi məsələlər müzakirə edilib. Səfirlər Fond tərəfindən türk dünyasının mədəni həyatının inkişafı yönündə önəmli işlər görüldüyünü qeyd edərək, təşkilatın keçirdiyi layihə və tədbirlərə dəstək verəcəklərini bildiriblər.
Səfər çərçivəsində Fondun rəhbəri Polşada fəaliyyət göstərən Varşava, Krakov, Vrostlav universitetlərinin türkoloq alimləri ilə də görüşüb. Görüşdə türk dünyasının zəngin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin Polşada və ümumiyyətlə Avropada təbliği, ümumtürk mədəni dəyərlərinin qorunması ilə bağlı fikir mübadiləsi aparılıb. Türkoloqlar görüşdə çoxəsrlik tarixə malik türk xalqlarının irsinin mühafizəsi və araşdırılması istiqamətində Fondun çoxyönlü fəaliyyətini yüksək qiymətləndiriblər.
Görüşlərdə Azərbaycan Respublikasının Polşa Respublikasındakı səfiri Nərgiz Qurbanova iştirak edib.
Görüşlər gələcək əməkdaşlığın perspektivləri ilə bağlı müzakirələrlə davam edib.