Günay Əfəndiyeva: "Qarabağda Türk Dünyasının Mədəniyyət Mərkəzinin inşa olunmasını təklif edirik"

Xəbərlər

Günay Əfəndiyeva: "Qarabağda Türk Dünyasının Mədəniyyət Mərkəzinin inşa olunmasını təklif edirik"

12 noyabr 2021 18:43
Türk dünyasının ayrılmaz parçası olan doğma Qarabağda – gözəl Şuşada Türk Dünyasının Mədəniyyət Mərkəzinin inşa edilməsini təklif edirik. Tərəfimizdən bu istiqamətdə işlər aparılmaqdadır. Bu mərkəz tariximizin, mədəniyyətimizin, irsimizin birləşdiyi məkan olacaq, həmrəyliyimizin simvollarından birinə çevriləcək, əbədi qardaşlığımızın yeni bir sübutu olacaq. Bu sözləri Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Xarici İşlər Nazirlərinin VIII Zirvə Toplantısında çıxışı zamanı bildirib. Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı şanlı Zəfərin, əslində, bütün türk dünyasının Qələbəsi olduğunu vurğulayan G.Əfəndiyeva deyib: “Bu Zəfər bütün türk dünyasını birləşdirdi. Türkiyənin Azərbaycana açıq mənəvi dəstəyi bütün dünyaya həqiqi qardaşlığın və dostluğun nümunəsi oldu. Müstəqilliklərinin 30-cu ildönümündə türkdilli dövlətlər bir daha ortaq dəyərlərə - türk dəyərlərinə sahib olduqlarını sübut etdilər. Bu dəyərləri, zəngin irsimizi unutmamaq, dünyaya tanıtmaq Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun ən vacib öhdəliklərindən biridir. Bu məqsədlə fond tərəfindən bu il də “Böyük İpək Yolu”, qadınlar və uşaqlar, adət-ənənələr və bir çox digər mövzularla bağlı konfranslar, sərgilər, tədbirlər təşkil edilib, genişmiqyaslı layihələr həyata keçirilib, Almaniyada, Polşada, İtaliyada və digər ölkələrdə türk dünyası mədəniyyətini əks etdirən kitablar nəşr olunub, İspaniyada poçt markaları buraxılıb, Bolqarıstanda tamaşalar səhnəyə qoyulub. Fondun himayəsi altında yaradılan “Dədə Qorqud” Kamera Orkestrinin ifasında “Bella Bartok İli”nin açılış mərasiminə, eləcə də Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş konsert proqramları təşkil edilib”. Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun beynəlxalq əlaqələrini daha da genişləndirmək istiqamətində gördüyü işlərdən danışan G.Əfəndiyeva bildirib: “Belə ki, cari ildə fond ilə Litva arasında Əməkdaşlıq Memorandumu imzalanıb. Memorandum özündə Litvada yaşayan türkəsilli azsaylı etnik xalqların - tatar və karaimlərin irsinin qorunmasını və təbliğini ehtiva edir. Fond tərəfindən Litvanın xarici işlər nazirinin iştirakı ilə tatar və karaimlərə həsr olunmuş sərgi və konsert, daha sonra elmi konfrans keçirilib. Bu il fondun sənədləri təsdiqlənib. Bunun üçün fondun qurucu üzv ölkələrinin – Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstanın dövlət başçılarına dərin minnətdarlığımı bildirirəm. Bütün bunlar bizi yeni uğurlara və zəfərlərə şövq edir”.  
Copyright © 2015 - 2024 itchf Azərbaycan. Bütün hüquqlar qorunur