Günay Əfəndiyeva Qırğız Respublikasının xarici işlər naziri ilə görüşüb

Xəbərlər

Günay Əfəndiyeva Qırğız Respublikasının xarici işlər naziri ilə görüşüb

20 iyun 2021 17:45
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyevanın Türkiyədə keçirilən Antalya Diplomatiya Forumu çərçivəsində Qırğız Respublikasının xarici işlər naziri Ruslan Kazakbayevlə görüşü keçirilib. Görüşdə Günay Əfəndiyeva Fondun qurucu üzv ölkəsi olan Qırğızıstanla əməkdaşlıq və dostluq əlaqələrinin təşkilat üçün əhəmiyyətindən söz açıb. G.Əfəndiyeva rəhbəri olduğu təşkilat tərəfindən türkdilli xalqların, o cümlədən qırğız xalqının qədim tarixinin, mədəniyyətinin təbliği, Qırğızıstanın görkəmli şair və yazıçılarının zəngin yaradıcılıqlarının daha geniş auditoriyalarla tanış etdirilməsi məqsədilə müxtəlif tədbirlərin, o cümlədən konfransların, dəyirmi masaların keçirildiyini diqqətə çatdırıb. O, nümunə kimi Fond tərəfindən 2018-ci ildə Azərbaycanda dünya şöhrətli yazıçı Çingiz Aytmatovun 90 illik yubileyinin qeyd edildiyini bildirib. Günay Əfəndiyeva eyni zamanda, Fondun hərtərəfli fəaliyyət göstərməsi üçün Qırğızıstan tərəfindən təşkilatın sənədlərinin ratifikasiya prosesinin tamamlanmasının vacibliyini vurğulayıb. Qırğız Respublikasının xarici işlər naziri Ruslan Kazakbayev Fondun fəaliyyətini yüksək qiymətləndirib. Nazir Türk Dünyasının maddi-mədəni irsinin qorunması və beynəlxalq aləmdə tanıdılması istiqamətində Fondun aktiv iştirakını təqdir edib. Ruslan Kazakbayev Fondun fəaliyyəti ilə bağlı lazimi sənədlərin Qırğızıstan tərəfindən təsdiqinin sürətləndirilməsinə dair müvafiq işlərin aparıladığını və yaxın zamanda tamamlanacağını qeyd edərək, təşkilatın keçirdiyi layihələrə dəstək verəcəyini bildirib. Görüş Qırğız Respublikası ilə təşkilat arasında gələcək tərəfdaşlıq münasibətlərinin daha da genişləndirilməsinin perspektivləri ilə bağlı fikir mübadiləsi ilə davam edib.
Copyright © 2015 - 2024 itchf Azərbaycan. Bütün hüquqlar qorunur