Günay Əfəndiyeva «Sədaqətin rəmzi» adlı sənədli filmin təqdimat mərasimində iştirak edib
Xəbərlər
Günay Əfəndiyeva «Sədaqətin rəmzi» adlı sənədli filmin təqdimat mərasimində iştirak edib
10 dekabr 2021
17:46
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Litva Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin təşkilatçılığı ilə keçirilən «Sədaqətin rəmzi» adlı sənədli filmin təqdimat mərasimində iştirak edib. «Litva tatarlarının tarixi və mədəniyyəti ili» çərçivəsində təqdim olunan filmdə türk kökənli Litva tatarlarının həyatından, onların tarixi və mədəniyyətindən bəhs edilir.
Təqdimatı giriş sözü ilə açan Litva Respublikasının Azərbaycan Respublikasındakı səfiri Eqidius Navikas multikulturalizmin Azərbaycan və Litvanın ümumi və mühüm dəyərlərindən biri olduğunu qeyd edərək, etnik azlıqların qədim irsinin gələcək nəsillərə ötürülməsinin vacibliyini vurğulayıb. Eqidius Navikas öz çıxışında Litva səfirliyi ilə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu arasında mövcud olan əməkdaşlıq əlaqələrini yüksək qiymətləndirərək, tərəfdaşlıq münasibətlərinə və daimi dəstəyə görə təşkilatın prezidenti Günay Əfəndiyevaya öz təşəkkürünü bildirib.
Qeyd edilməlidir ki, cari ilin fevral ayında Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə Litva Respublikasının Azərbaycandakı Səfirliyi arasında Əməkdaşlıq Memorandumu imzalanıb. Memorandumun imzalanması qarşılıqlı mədəni mübadilələrin həyata keçirilməsi, Litvanın azsaylı Türk etnik kökənli xalqlarının - tatarların və karaimlərin tarixi, mədəni irsinin qorunması, birgə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi məqsədinə xidmət edir. İl ərzində Memoranduma əsasən Fond ilə Litva arasında bir sıra birgə layihə və tədbirlər keçirilmişdir.