Günay Əfəndiyeva “Türk dünyasının dünəni, bu günü və gələcəyi” mövzusunda keçirilən simpoziumda iştirak edib

Xəbərlər

Günay Əfəndiyeva “Türk dünyasının dünəni, bu günü və gələcəyi” mövzusunda keçirilən simpoziumda iştirak edib

10 iyun 2021 17:59
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva TÜRKPA, Azərbaycan Respublikasının Milli Məclisi və Azərbaycanda Atatürk Mərkəzinin birgə təşkilatçılığı ilə “Türk dünyasının dünəni, bu günü və gələcəyi” mövzusunda keçirilən simpoziumda iştirak edib. Simpozium türkdilli dövlətlərin müstəqilliklərinin 30-cu ildönümü, İkinci Qarabağ müharibəsində Azərbaycanın böyük Zəfəri və Türkiyə Böyük Millət Məclisinin 100-cü ildönümünə həsr edilmişdir. Tədbirdə üzv ölkələrin millət vəkilləri, Türk əməkdaşlıq təşkilatlarının rəhbərləri, səfirlər və üzv ölkələrin aparıcı universitetlərinin nümayəndələri iştirak edib Simpoziumda çıxış edən Günay Əfəndiyeva simpoziumun olduqca vacib mövzuları əhatə etdiyini qeyd edərək, Fonda üzv və müşahidəçi dövlətlərin, eləcə də qardaş Türkmənistanın 30 il ərzində böyük inkişaf yolu keçdiyini, beynəlxalq aləmdə özünəməxsus, əvəzolunmaz yerə sahib olduqlarını vurğulayıb. Fondun prezidenti Türk dövlətləri müstəqilliyin 30-cu ilinə Türk dünyasının tarixinə qızıl hərflərlə yazılan möhtəşəm Qarabağ Zəfəri ilə qədəm qoyduğunu və Şanlı qələbənin bütün türkdilli ölkələrə ərmağan olduğunu bildirib. Günay Əfəndiyeva Türk dünyasının qürur yeri olan Türkiyə Böyük Millət Məclisi quruluşunun 100-cü ilinin qeyd olunması məsələsinə toxunaraq, yarandığı gündən onun necə badirələrdən – keşməkeşli tarixi məqamlardan keçərək bu günlərə gəldiyini və Türkiyə Böyük Millət Məclisi Türkiyə Cümhuriyyəti demokratiyasının əsas sütunlarından biri olduğunu qeyd edib. Günay Əfəndiyeva Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun əsas vəzifələrinin uzun illər bir birindən ayrı düşmüş türk xalqlarını yaxınlaşdırmaq, türkü türk edən dəyərləri yenidən canlandırmaq olduğunu vurğulayaraq, bu birliyin, soy kökə bağlılığın, milli təəssübkeşliyin ulu əcdadlarımızdan miras qaldığını qeyd edib. Fondun prezidenti öz çıxışında bu ilin 880 illik yubileyi qeyd olunan türk dünyasının dahi şair və mütəfəkkir Nizami Gəncəvinin türkçülük ruhu ilə yazılmış Xəmsəsinin türkdilli xalqları birləşdirən dəyərlərdən olduğunu bildirib. Simpozium türkdilli ölkələrdə son 30 ildə əldə edilmiş nailiyyətlər, bu kontekstdə parlamentlərin rolu, İkinci Qarabağ müharibəsində Azərbaycanın böyük Zəfərinin Türk dünyası üçün önəmi, o cümlədən Türk əməkdaşlıq təşkilatları çərçivəsində gələcək əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi ilə davam edib.  
Copyright © 2015 - 2024 itchf Azərbaycan. Bütün hüquqlar qorunur