Günay Əfəndiyeva Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə iştirak edib
Xəbərlər
Günay Əfəndiyeva Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə iştirak edib
12 noyabr 2021
18:32
İstanbulun Demokratiya və Azadlıqlar Adasında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü keçirilib. Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə iştirak edib.
“Rəqəmsal dövrdə yaşıl texnologiyalar və ağıllı şəhərlər” mövzusunda keçirilən toplantıda Türkiyə Respublikası Prezidenti Rəcəb Tayyib Ərdoğanın ev sahibliyi ilə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev, Qazaxıstan Respublikasının Birinci Prezidenti, Elbası Nursultan Nazarbayev (videomesaj), Qazaxıstan Respublikası Prezidenti Kasım-Jomart Tokayev, Qırğız Respublikası Prezidenti Sadır Japarov, Özbəkistan Respublikası Prezidenti Şavkat Mirziyoyev, Türkmənistan Respublikası Prezidenti Qurbanqulu Berdiməhəmmədov, Macarıstanın Baş Naziri Viktor Orban və Türk Şurasının baş katibi Bağdad Amreyev çıxış edib. Toplantıya həmçinin türk əməkdaşlıq təşkilatlarının, o cümlədən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun, TÜRKPA-nın, TÜRKSOY-un , Beynəlxalq Türk Akademiyasının rəhbərləri qatılıblar.
Zirvə çərçivəsində Azərbaycan Respublikasının torpaqlarının işğaldan azad edilməsini və ərazi bütövlüyünün bərpasını təmin edərək türk birliyinə mühüm töhfə verən və bölgədə davamlı sülh və sabitliyin əldə olunmasına yol açan tarixi qələbəyə görə
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Türk Dünyasının Ali Ordeni təqdim edilib.
Zirvə görüşündə Türk Dünyasının birliyi istiqamətində dövlət başçıları tərəfindən bir sıra önəmli qərarlar qəbul edilib. Belə ki, Türkmənistanın təşkilata müşahidə ölkə kimi daxil olması, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının adının “Türk Dövlətləri Təşkilatı”na dəyişdirilməsi, Türk İnvestisiya Fondunun yaradılması, “Türk dünyasına baxış - 2040” və diğər sənədlərin qəbulu kimi qərarlar verilib.