Günay Əfəndiyeva Türkiyənin TRT AVAZ telekanalının rəhbəri ilə görüşüb

Xəbərlər

Günay Əfəndiyeva Türkiyənin TRT AVAZ telekanalının rəhbəri ilə görüşüb

28 dekabr 2021 16:50
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Türkiyənin TRT AVAZ telekanalının rəhbəri Sedat Sağırkaya və TRT AVAZ Xarici əlaqələr və korporativ kommunikasiyalar üzrə mütəxəssisi Gökçen Oğan ilə görüşüb. Görüşdə Günay Əfəndiyeva təşkilatın çoxşaxəli fəaliyyətindən danışaraq, həyata keçirilmiş önəmli layihələrdən bəhs edib. Günay Əfəndiyeva Fondun Türk xalqlarının zəngin mədəni dəyərlərinin qorunması və təbliği istiqamətində Türk dövlətləri ilə yanaşı, digər xarici ölkələrlə də yaranan sıx əlaqələrdən söz açıb. Fondun prezidenti ümumtürk mədəniyyətinin daha yaxından tanıdılması çərçivəsində TRT AVAZ kanalı ilə əməkdaşlığın mühüm əhəmiyyətindən danışıb. TRT AVAZ telekanalının rəhbəri Sedat Sağırkaya Fondun Türk Dünyasının qədim mədəniyyətinin bərpası, qorunması və araşdırılması ilə bağlı üzərinə düşən öhdəliyi yüksək səviyyədə yerinə yetirdiyini bildirərək, görülən işlərin telekanal vasitəsiylə yayımlanmasının vacibliyini vurğulayıb. Sedat Sağırkaya Fond ilə tərəfdaşlıq münasibətlərinin gücləndirilməsinin Türk Dünyasının mədəni irsinin geniş kütlələrə çatdırılmasına böyük töhfələr verəcəyini qeyd edib. Görüş gələcək perspektivlərin dəyərləndirilməsi ilə davam edib.  
Copyright © 2015 - 2024 itchf Azərbaycan. Bütün hüquqlar qorunur