Günay Əfəndiyeva Xan Şuşinskinin 120 illik yubileyinə həsr olunmuş onlayn konfransda iştirak edib
Xəbərlər
Günay Əfəndiyeva Xan Şuşinskinin 120 illik yubileyinə həsr olunmuş onlayn konfransda iştirak edib
14 iyun 2021
17:57
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Azərbaycan musiqi incəsənətinin görkəmli nümayəndəsi, böyük xanəndə Xan Şuşinskinin 120 illik yubileyinə həsr olunmuş “Şuşadan Şərq dünyasına havalansın Xanın səsi...” adlı onlayn konfransda iştirak edib. Tədbir Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, TÜRKSOY, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun təşkilatçılığı ilə keçirilib.
Tədbirdə türkdilli beynəlxalq təşkilatların rəhbərləri, millət vəkilləri, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva konfransda çıxış edərək, keçirilən tədbirin əhəmiyyətindən bəhs edib. Günay Əfəndiyeva Xan Şuşinski deyəndə Azərbaycanın ayrılmaz parçası doğma Qarabağın, zəngin təbiəti, qədim mədəni irsi ilə bütün dünyanın diqqət mərkəzində olan gözəl Şuşanın, Azərbaycanın mədəniyyət, incəsənət, elm tarixində öz dəsti xəttləri ilə silinməz izlər buraxan görkəmli şəxsiyyətlərin, və əlbəttə, o torpaqlardan çıxan Xanın möhtəşəm səsinin xatırlandığını qeyd edib. Fondun prezidenti Xan Şuşinskinin Azərbaycan muğamını ən yüksək səviyyəyə qaldıran ustadlardan olduğunu vurğulayaraq, xanəndənin Cabbar Qaryağdıdan, Seyid Şuşinskidən aldığı musiqi ənənələrini daha da inkişaf etdirərək, yeni nəsillərə ötürdüyünü bildirib. O, Səməd Vurğunun “Azərbaycan” şeirindəki “Havalansın Xanın səsi, Qarabağın şikəstəsi “ sözlərinin təsadüfü yazılmadığını bildirərək, bunu Azərbaycanın görkəmli sənətkarlarınnın Xan Şuşinskinin yaradıcılığına verdiyi dəyərin təzahürü kimi qiymətləndirib.
Günay Əfəndiyeva Xan Şuşinskinin yazdığı mahnıların hər birinin ayrılıqda Türk Dünyası sənətinin sərvətlərindən və incilərindən olduğunu qeyd edərək, “ Şuşanın dağları başı dumanlı” mahnısını onun əsərlərinin tacı adlandırıb. O, 30 illik həsrətdən sonra Azərbaycanın əzəli torpaqlarının, o cümlədən Şuşanın işğaldan azad olunmasıyla qazanılan Şanlı Zəfər sayəsində Xan Şuşinskinin, eləcə də digər sənətkarların ruhlarının rahatlıq tapdığına inandığını bildirib. O, bu Qələbənin Azərbaycan muğamının, incəsənətinin, mədəniyyətinin təntənəsi olduğunu vurğulayıb.
Fondun prezidenti rəhbərlik etdiyi təşkilatın hər zaman Azərbaycanın və bütövlükdə Türk Dünyasının zəngin mədəni irsinin dünyada təbliğinə hazır olduğunu bildirib.
Konfrans Xan Şuşinskinin həyat və yaradıcılığıyla bağlı fikir mübadiləsi ilə davam edib.