Günay Əfəndiyevanın Ağdama və Füzuliyə səfəri baş tutub
Xəbərlər
Günay Əfəndiyevanın Ağdama və Füzuliyə səfəri baş tutub
16 yanvar 2021
20:11
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun, Türk Şurasının, TÜRKSOY-un rəhbər və nümayəndə heyətlərinin Azərbaycanın azad olunmuş tarixi şəhərləri Ağdama və Füzuliyə səfəri baş tutub.
Türk Şurasının baş katibi Bağdat Amreyev, TÜRKSOY-un baş katibi Düsen Kaseinov, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva və nümayəndə heyəti Ağdama səfər çərçivəsində tarixi Ağdam Cümə Məscidini, Çörək Muzeyini, Ağdam Dram Teatrını, Qarabağ xanı Pənahəli xanın türbəsini, eləcə də Füzuliyə səfər çərçivəsində Jurnalislər evinin, Mədəniyyət mərkəzinin və tarixi məscidin qalıqlarını ziyarət edib, vandalizm aktlarının nəticələri ilə yerində tanış olublar. Qonaqlar ermənilərin yerlə-yeksan etdikləri Ağdam və Füzulinin küçələri ilə piyada gəzərək, mədəni və dini abidələrinin məhv edildiyinin canlı şahidi olublar.
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva səfər barədə təəssüratlarını jurnalistlərlə bölüşərək deyib: “Yenidən Ağdam və Füzuli şəhərlərinə gəldiyim üçün qürur hissi keçirirəm. Digər tərəfdən, buradakı abidələri belə vəziyyətdə görmək ürəyimizi ağrıdır. Minilliklərin sınağından keçən, tarixin yadigarları olan bu abidələr indi dağıdılmış vəziyyətdədir. Əslində, tariximizə, insanlığa yönəlmiş bir cinayətdir. Bu, məqsədyönlü cinayət əməlləridir. Dünya ictimaiyyəti tərəfindən mütləq pislənilməlidir. Əminəm ki, Azərbaycan Füzuli və Ağdamı, eyni zamanda Şuşanı, Zəngilanı, Kəlbəcəri, Qubadlını, Laçını və digər şəhərləri bərpa edəcək, burada yenidən muğam səsləri eşidiləcək, sənətkarlarımız öz əsərlərini yaradacaqlar. Beynəlxalq Türk Mədəniyyət və İrsi Fondu da bu istiqamətdə öz dəstəyini əsirgəməyəcək".