Günay Əfəndiyevanın Nizami Gəncəvinin 880 illiyi ilə bağlı müsahibəsi “Tribuna“ qəzetində dərc olunub
Xəbərlər
Günay Əfəndiyevanın Nizami Gəncəvinin 880 illiyi ilə bağlı müsahibəsi “Tribuna“ qəzetində dərc olunub
30 dekabr 2021
16:45
Polşanın tanınmış “Tribuna“ qəzetində Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyevanın dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyi ilə bağlı müsahibəsi dərc olunub.
Günay Əfəndiyeva Nizami Gəncəvinin ədəbi irsinin Azərbaycan və dünya ədəbiyyatındakı rolu ilə bağlı sualları cavablandıraraq, şairin yaradıcılığının dünya ölkələrində geniş təbliğinin vacibliyindən danışıb.
Fondun prezidenti Nizami Gəncəvini Azərbaycan, türk dünyası və bütövlükdə dünya ədəbiyyatının zirvələrindən biri kimi qiymətləndirərək, əsrlər keçməsinə baxmayaraq, şairin yaradıcılığının öz aktuallığını qoruduğunu bildirib. Günay Əfəndiyeva Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən olan Gəncədə yaşayıb-yaradan Nizami Gəncəvinin dünyamiqyaslı əsərlərin müəllifi olduğunu diqqətə çatdırıb. Fondun prezidenti bütün türk dünyasının dahi sənətkarı Nizaminin yaradıcılığının Homer, Firdovsi, Dante, Servantes, Şekspir, Höte, Tolstoy yaradıcılığı kimi milli hüdudlarla məhdudlaşmadığını bildirib. O, Nizaminin poeziyasının multikultural bəşəri ideyalar baxımından zəngin olduğunu vurğulayıb. Fondun prezidenti şairin müxtəlif xalqların nümayəndələrinin obrazlarını öz əsərlərində yaratmaqla müasir dövrümüzlə səsləşən dəyərlər toplusu formalaşdırdığını qeyd edib. Günay Əfəndiyeva Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2021-ci ili “Nizami İli” elan etməsinin bütün Türk dünyasının ədəbiyyatı və mədəniyyətinə verilən yüksək dəyər olduğunu bildirib.
Günay Əfəndiyeva “Nizami Gəncəvi İli” çərçivəsində Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən silsilə tədbirlərin keçirildiyini, o cümlədən içərisində uşaqlar üçün də uyğunlaşdırılmış müxtəlif dillərdə şairin kitablarının çap olunduğunu, Azərbaycan və Türkiyədə Fondun himayəsi altında yaradılmış “Dədə Qorqud” Kamera Orkestrının ifasında şairin şeir və poemalarına bəstələnmiş musiqi əsərlərindən ibarət ədəbi-bədii gecələrin təşkil edildiyini, eləcə də Azərbaycan Respublikasının Polşa Respublikasındakı Səfirliyi ilə birgə əməkdaşlıq çərçivəsində polyak dilində hazırlanmış Nizami poeziyasının nümunələrindən ibarət kitabın işıq üzü gördüyünü və dahi mütəfəkkirin Polşada yubileyinin qeyd olunduğunu diqqətə çatdırıb.