Qarabağın incisi, Azərbaycanın mədəniyyət paytaxtı Şuşada Vaqif Poeziya Günləri keçirilib

Xəbərlər

Qarabağın incisi, Azərbaycanın mədəniyyət paytaxtı Şuşada Vaqif Poeziya Günləri keçirilib

31 avqust 2021 16:52
Qarabağın incisi, Azərbaycanın mədəniyyət paytaxtı Şuşada Vaqif Poeziya Günləri keçirilib. 1982-ci ilin 14 yanvar tarixində Azərbaycanın ümummilli lideri Heydər Əliyevin iştirakı ilə Vaqif Poeziya Günlərinin keçirilməsindən 39 il sonra yenidən Şuşada möhtəşəm tədbir təşkil olunub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Vaqif Poeziya Günlərinin rəsmi açılışında iştirak ediblər. Dövlət başçısı İlham Əliyev açılış mərasimində çıxış edərək, Azərbaycan şairi, dövlət xadimi, Qarabağ xanının vəziri Molla Pənah Vaqifin məqbərəsinin önündə Vaqif Poeziya Günlərinin yenidən qeyd edilməsi münasibətilə bütün Azərbaycan xalqını təbrik edib. Açılış mərasimində Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, Xalq yazıçısı Elçin, Xalq şairi Nəriman Həsənzadə və digər ədəbiyyat xadimləri çıxış ediblər. Mərasimdə Azərbaycanın görkəmli mədəniyyət, incəsənət və elm xadimləri, gənc şair və yazıçıları, millət vəkilləri ilə yanaşı Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva iştirak edib. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən Vaqif Poeziya Günləri çərçivəsində xalq şairlərinin, həmçinin orta nəsil və gənc şairlərin çıxışları, muğam sənətkarlarının ifaları dinlənilib, “Nizamidən Vaqifə” adlı poetik kompozisiya təqdim edilib. Vaqif Poeziya Günlərinə “Qarabağ, ana yurdum” mahnısı ilə yekun vurulub.  
Copyright © 2015 - 2024 itchf Azərbaycan. Bütün hüquqlar qorunur