Türkiyənin milli şairi Kənan Çarboğanın “Korkutname” kitabının təqdimatı keçirilib

Xəbərlər

Türkiyənin milli şairi Kənan Çarboğanın “Korkutname” kitabının təqdimatı keçirilib

21 yanvar 2021 19:53
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda TÜRKSOY tərəfindən nəşr olunun Türkiyənin milli şairi Kənan Çarboğanın “Korkutname” kitabının təqdimatı keçirilib. Kitab türk dünyasının ortaq irsi hesab olunan “Kitabi-Dədə Qorqud” dastanı əsasında nəzmə alınıb. Tədbiri giriş sözü ilə açan Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva bildirib ki, “Korkutname” kitabının ilkin təqdimatı Füzuli şəhərində keçirilib. TÜRKSOY-un Baş katibi Düsen Kaseinov kitabı Füzulinin işğaldan azad olunması münasibətilə Fonda hədiyyə edib. “Beləliklə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu rəhbər səviyyəsində Azərbaycanın bu qədim torpaqlarına ilk qədəm qoyan, TÜRKSOY isə ilk təqdimat mərasimi keçirən təşkilatlardır”,- deyə Günay Əfəndiyeva vurğulayıb. Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov tədbirdə çıxış edərək, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyevanı və TÜRKSOY-un Baş katibi Düsen Kaseinovu belə önəmli tədbiri təşkil etdiklərinə görə təbrik edib və bunun rəmzi məna daşıdığını vurğulayıb. Nazir Kənan Çarboğan tərəfindən dastanın 12 boyunun kəlmə-kəlmə nəzmə çəkilməsini türk mədəniyyətinə təqdirəlayiq bir töhfə kimi dəyərləndirib. TÜRKSOY-un Baş katibi Düsen Kaseinov çıxış edərək, mərasimin Bakıda- Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda keçirilməsindən böyük məmnunluq duyduğunu qeyd edib. Kitab haqqında məlumat verən Düsen Kaseinov Türk Dünyasının ortaq dastanı olan Dədə Qorqudun ədəbiyyat xəzinəsinin zəngin sərvətlərindən olduğunu vurğulayıb. Görkəmli ziyalıların və Fonda üzv dövlətlərin səfirlərinin iştirak etdiyi təqdimatda Milli Məclisin mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, Azərbaycan Dillər Universitetinin rektoru, Xalq yazıçısı Kamal Abdulla, Milli Məclisin deputatı, Azərbaycanda Atatürk Mərkəzinin rəhbəri, akademik Nizami Cəfərov və Milli Kitabxananın direktoru, professor Kərim Tahirov çıxış edərək belə tədbirlərin keçirilməsinin önəmindən danışıb, tarixi yazılı abidə olan “Kitabi-Dədə Qorqud”la bağlı fikirlərini bölüşüb və bu istiqamətdə yeni layihələrin aparılmasının vacibliyindən söz açıblar.
Copyright © 2015 - 2024 itchf Azərbaycan. Bütün hüquqlar qorunur