Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə Bakı Dövlət Universiteti arasında Anlaşma Memorandumu imzalanıb
Xəbərlər
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə Bakı Dövlət Universiteti arasında Anlaşma Memorandumu imzalanıb
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə Bakı Dövlət Universiteti arasında Anlaşma Memorandumu imzalanıb.
Sənəd tərəflər arasında türk dünyasının mədəni irsinin qorunması, öyrənilməsi və təbliği istiqamətində birgə əməkdaşlığı nəzərdə tutur.
Tədbirdə çıxış edən Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev imzalanan sənədin əhəmiyyətindən bəhs edib. E.Babayev bildirib ki: “Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu aktiv fəaliyyəti ilə seçilən beynəlxalq təşkilatdır. Bakı Dövlət Universiteti isə böyük kadr potensialı olan təhsil ocağıdır. Ona görə də bu sənəd birgə işlər üçün geniş imkanlar yaradacaqdır”.
Rektor əməkdaşlığın səmərəli olduğuna inamını dilə gətirərək deyib: “Biz türk dünyasının zəngin mədəni irsinin birlikdə öyrənilməsi və təbliğini uğurla həyata keçirəcəyik. Türk dünyasının mədəniyyəti tükənməz bir xəzinədir və bizim borcumuz da bu xəzinəni qoruyub gələcək nəsillərə çatdırmaqdır. Beləliklə, universitetin tələbələri müxtəlif ixtisaslar üzrə türk xalqlarının mədəniyyətinin araşdırılmasına və öyrənilməsinə fəal şəkildə cəlb ediləcəkdir”.
Daha sonra Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva rəhbəri olduğu təşkilatın fəaliyyəti haqqında ətraflı danışıb: “Fondun məqsədi türk xalqlarını bir-birinə daha da yaxınlaşdırmaq, eyni zamanda, nəhəng türk mədəniyyətini, irsini, tarixini, adət-ənənələrini bütün dünyada təbliğ etməkdir. Fond gənc təşkilat olsa da, bir çox beynəlxalq layihələrə imza atıb, konfranslar, dəyirmi masalar, sərgilər keçirib, müxtəlif ölkələrdə kitablar yayımlayıb, türk dünyasının dahi şəxsiyyətlərinin yubileylərini qeyd edib, tamaşalar səhnələşdirib”.
Günay Əfəndiyeva imzalanan sənəd barədə tədbir iştirakçıları ilə fikirlərini bölüşərək, Memorandumda nəzərdə tutulan məsələlərə diqqət çəkib: “Memorandumda tələbələrin Fondda istehsalat təcrübələrinin təşkili, türk dünyası ilə tədqiqat işləri aparan gənclərə təqaüdlərin verilməsi, birgə nəşrlərin çap olunması, eyni zamanda, universitetdə “Türk Dünyası Elmi Tədqiqatlar və Araşdırmalar Mərkəzi”nin yaradılması kimi məsələlər öz əksini tapır. Müxtəlif təhsil ocaqlarında Fondun himayəsi ilə belə mərkəzlərin yaradılması gələcəkdə onların böyük şəbəkəsinin təşkilinə imkan yaradacaq”.
Daha sonra Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva və Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev Anlaşma Memorandumunu imzalayıblar.
Sonda qarşılıqlı hədiyyələr təqdim olunub.
Tədbir Bakı Dövlət Universitetinin tələbələrinin ifasında konsert proqramının göstərilməsi ilə davam edib.