Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda təşkilatın prezidenti Bakı Yunus Əmrə İnstitutu rəhbəri ilə görüşüb
Xəbərlər
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda təşkilatın prezidenti Bakı Yunus Əmrə İnstitutu rəhbəri ilə görüşüb
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda təşkilatın prezidenti Günay Əfəndiyeva Bakı Yunus Əmrə İnstitutu rəhbəri Selçuk Karakılıçla görüşüb.
Görüşdə Fondun prezidenti Günay Əfəndiyeva rəhbəri olduğu təşkilatın fəaliyyətindən, türk xalqların tarixinin, mədəniyyətinin qorunması və dünyada tanıdılması məqsədilə təşkil olunan tədbirlərdən, eləcə də gələcək planlardan bəhs edib. Günay Əfəndiyeva eyni zamanda təşkilat tərəfindən bir çox elmi araşdırmaların aparıldığını, kitabların çap olunduğunu söyləyib. Fondun prezidenti müxtəlif ölkələrdə fəaliyyət göstərən Yunus Əmrə İnstitutunun türk dünyası mədəniyyətinin beynəlxalq aləmə çatdırılmasında önəmli bir şəbəkə olduğunu vurğulayıb. Günay Əfəndiyeva Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə Bakı Yunus Əmrə İnstitutu arasında əlaqələrin genişlənməsi məsələsinə toxunaraq, birgə layihələrin keçirilməsinin vacibliyindən bəhs edib.
Bakı Yunus Əmrə İnstitutunun rəhbəri Selçuk Karakılıç Fond tərəfindən Türk dünyasının maddi-mədəni irsinin araşdırılması və mühafizəsi istiqamətində dəyərli işlər görüldüyünü vurğulayıb. Selçuk Karakılıç Fond ilə Bakı Yunus Əmrə İnstitutu arasında əməkdaşlığın əhəmiyyətindən söz açaraq, tərəfdaşlıq münasibətlərinin gələcəkdə mühüm töhfələr verəcəyinə inandığını və təşkil olunan tədbirlərə dəstək olacağını bildirib.
Görüş tərəflər arasında fikir mübadiləsi ilə davam edib.