Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun himayəsi ilə Əlişir Nəvayinin əsərləri Azərbaycan dilində çap olunub

Xəbərlər

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun himayəsi ilə Əlişir Nəvayinin əsərləri Azərbaycan dilində çap olunub

09 fevral 2022 22:22

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun himayəsi ilə Özbəkistanın və bütövlükdə Türk dünyasının dahi şairi və mütəfəkkiri Əlişir Nəvayinin əsərləri Azərbaycan dilində çap olunub.

Nəşrdə orta əsrlər klassik türk ədəbiyyatının böyük nümayəndələrindən Əlişir Nəvayinin bədii-estetik cəhətdən yüksək sənətkarlığı ilə seçilən əsərləri öz əksini tapır. Kitabda Nəvayinin həyatı və yaradıcılığı haqqında məlumatlar, şairin xəmsəsinə daxil olan “Heyrət ül-əbrar”, “Fərhad və Şirin”, “ Leyli və Məcnun”, “Səb`ayi-səyyar”, və “Səddi-İskəndəri” poemalarından parçalar, “Məhbub ül-qülub”, “Risaleyi-tiyr əndaxtən”, “Haləti-Seyid Həsən Ərdəşir” və “Haləti-Məhəmməd Pəhləvan” risalələrindən və divanlarından seçilmiş hissələr toplanmışdır.

Kitab Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyevanın “Ön söz”ü ilə açılır. Kitabı tərtib edən, çağataycadan uyğunlaşdıran, qeyd və şərhlərin müəllifi Bakı Dövlət Universiteti Türkologiya kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Ramiz Əsgərdir. O, Əlişir Nəvayi yaradıcılığının təbliği sahəsində xidmətlərinə görə Nəvai şəhərinin fəxri vətəndaşı adına layiq görülüb. Alim öz yaradıcılığında özbək ədəbiyyatının tədqiqinə geniş yer verərək, bununla bağlı bir çox məqalələr yazıb, tərcümələr edib. Belə ki, Ramiz Əsgər “Baburnamə” əsərinin tərcüməsinə görə Babur adına Beynəlxalq mükafata layiq görülüb.

Kitaba şairin əsərlərinin mövzuları əsasında çəkilmiş 56 rəngli miniatür daxil olunub. Nəşrin sonunda lüğət və ədəbiyyat siyahısı yer alır.

Copyright © 2015 - 2024 itchf Azərbaycan. Bütün hüquqlar qorunur