Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun növbəti layihəsi “Uşaqların Nizami Gəncəvi dünyası” adlı kitabın nəşridir
Xəbərlər
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun növbəti layihəsi “Uşaqların Nizami Gəncəvi dünyası” adlı kitabın nəşridir
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu türk mədəniyyətinin təbliği istiqamətində çoxsaylı layihələr həyata keçirir. Fondun növbəti layihəsi “Uşaqların Nizami Gəncəvi dünyası” adlı kitabın nəşridir.
Kitabda Türk Dünyasının böyük mütəffəkkiri, dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərinin uşaqlar üçün müxtəlif illərdə işlənmiş variantları yer alıb. Abdulla Şaiq, Mir Cəlal, Mirmehdi Seyidzadə, Mikayıl Rzaquluzadə və digər görkəmli ədiblərin ərsəyə gətirdiyi bu nümunələr “Xəmsə”dəki yüksək insani xüsusiyyətlərin tərənnüm olunduğu tərbiyəvi əhəmiyyətə malik əsərləri uşaqlara daha anlaşıqlı şəkildə təqdim edir.
Nəşr layihəsin rəhbəri və kitabın ön sözünün müəllifi Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyevadır. Nəşrin redaktoru Fərid Hüseyn, məsləhətçisi Səlim Babullaoğludur.
Türk xalqlarının zəngin ədəbiyyat xəzinəsinə, musiqisinə, incəsənətinə töhfə vermiş dahi şəxsiyyətlərin dünya miqyasında tanıdılması yönündə fəaliyyət göstərən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Nizami Gəncəvi irsinin daha dərindən öyrənilməsi və geniş auditoriyalara çatdırılması istiqamətində müxtəlif dillərdə kitablar nəşr etmiş, böyük mütəfəkkirə həsr olunmuş tədbirlər həyata keçirmişdir. Uşaqların ixtiyarına verilən bu kitab Türk Dünyasının milli-mənəvi dəyərlərini, eləcə də əcdadlarımızdan bizlərə miras qalan əxlaqi keyfiyyətləri yeni nəsillərə aşılamaq məqsədi daşıyır.
Kitabda Nizaminin “Sehirli üzük”, “İki rəssam”, “İlin fəsilləri”, “İsgəndər və çoban”, “Süleyman və əkinçi”, “Zalım padşah və qoca”, “Kərpickəsən qoca”, “Bülbül və qızılquş”, “Xeyir və Şər”, “Nurşirəvan və bayquşların söhbəti” və digər məşhur əsərləri yer alır.