Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Azamat Camanqulov ilə görüşüb

Xəbərlər

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Azamat Camanqulov ilə görüşüb

07 aprel 2022 11:11

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Bursaya səfəri çərçivəsində Qırğızıstanın mədəniyyət, məlumat, idman və gənclər siyasəti naziri Azamat Camanqulov ilə görüşüb.

Görüşdə Günay Əfəndiyeva Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə təşkilatın üzv ölkələri arasında qarşılıqlı əlaqələrin gücləndirilməsinin türk xalqlarının qədim mədəni mənəvi dəyərlərinin beynəlxalq aləmdə təbliğinə, eləcə də türk dünyasının həmrəyliyinə töhfə verəcəyini vurğulayıb. Günay Əfəndiyeva Qırğızıstanın mədəni irsinin tanıdılması yönündə rəhbərlik etdiyi təşkilat tərəfindən həyata keçirilmiş layihələrdən söz açıb. Fondun prezidenti təşkilatın qurucu üzv dövlətlərindən biri olan Qırğızıstanla mövcud tərəfdaşlıq münasibətlərinin daha da genişləndirilməsinin əhəmiyyətindən bəhs edib.

Qırğızıstanın mədəniyyət, məlumat, idman və gənclər siyasəti naziri Azamat Camanqulov Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun türk xalqlarının zəngin tarixinin, mədəniyyətinin qorunması, öyrənilməsi, eləcə də onlar arasında birliyin möhkəmləndirilməsi istiqamətində fəaliyyətini yüksək qiymətləndirərək, təşkilat ilə əməkdaşlığa xüsusi önəm verdiyini söyləyib. Nazir Fondun görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun yaradıcılığının tanıdılması çərçivəsində gördüyü işləri təqdirəlayiq hesab etdiyini bildirib. O, eyni zamanda Fondun prezidentini Qırğızıstana rəsmi səfərə dəvət edib.

Görüş tərəflər arasında gələcək əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi ilə başa çatıb.

Copyright © 2015 - 2024 itchf Azərbaycan. Bütün hüquqlar qorunur