Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Bursa şəhərinə səfər edib

Xəbərlər

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Bursa şəhərinə səfər edib

04 aprel 2022 22:22

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva TÜRKSOY tərəfindən Bursa şəhərinin 2022-ci il Türk Dünyasının Mədəniyyət Paytaxtı elan edilməsi ilə əlaqədar Bursa şəhərinə səfər edib və rəsmi açılış tədbirlərində iştirak edib.

Tədbirlərdə TÜRKSOY-a üzv dövlətlərin mədəniyyət nazirləri və nazir müavinləri, Türk Dövlətləri Təşkilatının, TÜRKSOY-un, TÜRKPA-nın rəhbərləri, üzv ölkələrin Ankaradakı səfirləri, Bursa şəhərinin valisi, Bursa bələdiyyəsinin sədri və digər rəsmi şəxslər iştirak ediblər.

“Bursa 2022” Türk Dünyasının Mədəniyyət Paytaxtının açılışı çərçivəsində rəsmi heyətin iştirakı ilə qədim Osman Qazi və Orhan Qazi türbələri ziyarət olunub, türk xalqlarının folklorunu, milli geyimlərini və musiqi mədəniyyətini əks etdirən bədii proqramın müşayiəti ilə Bursa şəhərinin tarixi bələdiyyə binasına qədər təntənəli yürüş baş tutub.

Rəsmi heyət il ərzində həyata keçiriləcək tədbirlərin təşkili məqsədilə yaradılan Bursa 2022 Türk Dünyasının Mədəniyyət Paytaxtı Koordinasiya Mərkəzinin açılışında iştirak edib.

Mərasimin sonunda Türk Dünyasının sənətçilərinin iştirakı ilə “Bursa 2022” Türk Dünyası Mədəniyyət paytaxtının rəsmi açılış tədbiri gerçəkləşib.

Copyright © 2015 - 2024 itchf Azərbaycan. Bütün hüquqlar qorunur