Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti “Qazax Nəsri” antologiyasının təqdimat mərasimində iştirak edib

Xəbərlər

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti “Qazax Nəsri” antologiyasının təqdimat mərasimində iştirak edib

21 oktyabr 2022 11:01

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Qazaxıstan Respublikasının Azərbaycan Respublikasındakı səfirliyində iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd olunması çərçivəsində “Qazax Nəsri” antologiyasının təqdimat mərasimində iştirak edib. Kitabın tərtibçisi yazıçı Nəriman Əbdürrəhmanlıdır.

Tədbiri giriş sözü ilə açan Qazaxıstan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Serjan Abdıkarimov Azərbaycan və Qazaxıstan arasında bu illər ərzində davam edən dostluq münasibətlərindən bəhs edib.

Tədbirdə çıxış edən Fondun prezidenti Günay Əfəndiyeva təşkilatın qurucu üzv ölkələri arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünün bütün Türk Dünyası üçün önəm kəsb etdiyini bildirib. Günay Əfəndiyeva Türk Dünyasının ayrılmaz parçası olan Qazaxıstanın beynəlxalq aləmdə nüfuz qazanmış ölkələr sırasında olduğunu qeyd edib. Fondun prezidenti qazax xalqının mənəvi aləmini, düşüncə tərzini, sahib olduğu mədəniyyəti Azərbaycan oxucusuna çatdıran “Qazax Nəsri” Antalogiya kitabını ədəbi körpü kimi qiymətləndirib.

Eyni zamanda Günay Əfəndiyeva Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən Türk dünyasının üç böyük şairi – Yunus Əmrə, Aşıq Ələsgər, Jambıl Jabayevə həsr olunan “3 Ozan bir arada” layihəsi çərçivəsində çap olunan markanı Qazaxıstan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Serjan Abdıkarimova təqdim edib.

Copyright © 2015 - 2024 itchf Azərbaycan. Bütün hüquqlar qorunur