Bursada Azərbaycan bədii fikrinin görkəmli siması Xurşidbanu Natəvanın anım proqramı keçirilib

Xəbərlər

Bursada Azərbaycan bədii fikrinin görkəmli siması Xurşidbanu Natəvanın anım proqramı keçirilib

09 dekabr 2022 12:02

Şuşanın 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə əlaqədar Türkiyənin Bursa şəhərində keçirilən Şuşa Günləri çərçivəsində Azərbaycan bədii fikrinin görkəmli siması Xurşidbanu Natəvanın anım proqramı keçirilib.

Tədbirdə “Şuşanın tək incisi” bədii-sənədli filminin premyerası olub. Film bu il 190 illiyi qeyd olunan Azərbaycanın görkəmli şairəsi, Qarabağ xanlığının sonuncu varisi Xurşidbanu Natəvanın həyat və yaradıcılığına həsr olunub. Ekran əsərində şairə ilə yanaşı, Şuşanın tarixi, şəhərin işğal dövründə dağıdılması, şanlı Zəfərdən sonra Azərbaycan dövləti tərəfindən Qarabağda aparılan bərpa-yenidənqurma işləri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fikirləri və Şuşa Bəyannaməsi haqqında məlumat verilir.

Filmin ideya müəllifi Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, ssenari müəllifi Ülviyyə Heydərova, quruluşçu rejissoru Zəhra Quliyevadır.

Xurşidbanu Natəvan obrazını Xalq artisti Mehriban Zəkinin canlandırdığı filmin çəkilişləri Xan qızının ocağında - Şuşada ermənilər tərəfindən dağıdılan evində aparılıb.

Filmin ardından muğam triosunun : tarda Azərbaycan Respublikasının Əməkdar artisti Sahib Paşazadə, kamançada Azərbaycan Dövlət Akademik Flarmoniyasının solisti Fariz Hüseynov, xanəndə Azərbaycan Dövlət Televiziyasının və Beynəlxalq Muğam Mərkəzinin solisti Günay İmamverdiyevanın müşayiəti ilə Azərbaycan Respublikasının Xalq artisti Mehriban Zəkinin ifasında Xurşidbanu Natəvanın şeirləri səsləndirilib.

Tədbirin sonunda filmin müəllifləri və ifacılara Fondun hədiyyələri və təşəkkür bəlgələri təqdim olunub.

Copyright © 2015 - 2024 itchf Azərbaycan. Bütün hüquqlar qorunur