Bursada keçirilən Şuşa Günləri çərçivəsində “Şuşada ürəyim qaldı” tamaşası nümayiş etdirilib

Xəbərlər

Bursada keçirilən Şuşa Günləri çərçivəsində “Şuşada ürəyim qaldı” tamaşası nümayiş etdirilib

12 dekabr 2022 12:22

Bursada keçirilən Şuşa Günləri çərçivəsində “Şuşada ürəyim qaldı” tamaşası nümayiş etdirilib. Bakı Bələdiyyə Teatrının aktyorlarının ifasında təqdim edilən tamaşa Azərbaycanın Xalq yazıçıları İlyas Əfəndiyevin “Qarabağnamə” (“Hökmdar və qızı”) pyesi və Elçinin “Baş” romanının motivləri əsasında hazırlanıb.

Tamaşadan əvvəl çıxış edən quruluşçu rejissor Azərbaycanın Xalq artisti Mərahim Fərzəlibəyov Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Bakı Bələdiyyə Teatrına göstərdiyi dəstəyə görə təşəkkür edib. O, tamaşa ilə bağlı məlumat verərək, XX əsr Azərbaycan ədəbiyyatının klassiki İlyas Əfəndiyevin və görkəmli yazıçı Elçinin yaradıcılığı haqqında danışıb.

Azərbaycanın mədəniyyət paytaxtı Şuşanın 270 illiyi və Bakı Bələdiyyə Teatrının 30 illiyinə həsr olunan tamaşanın əsas ideyası uzun illər boyu çəkdiyi çətinliklərə baxmayaraq, Azərbaycanın öz dövlətçiliyi uğrunda apardığı mübarizəsini ehtiva edir. General Sisianovun Cənubi Qafqazda törətdiyi faciələrdən və Qarabağ xanı İbrahimxəlil xanın qızı Ağabəyim ağanın həyatından bəhs edən tamaşada Azərbaycanın, o cümlədən Qarabağ xanlıqlarının ağır vəziyyəti yüksək bədii vasitələrlə göstərilir.

“Şuşada ürəyim qaldı” tamaşasında Vətən naminə sevgisindən əl çəkən Ağabəyim ağanın Vətən həsrəti ilə yazıb-yaratması, gözəl Qarabağı unutmaması xüsusi vurğulanır. Ağabəyim ağanın bir çox şeirləri Cənubi Azərbaycanda da, doğma Yurdunda da dildən-dilə keçərək bugünədək yaşamaqdadır.

Tamaşanın quruluşçu rejissoru Xalq artisti Mərahim Fərzəlibəyov, bəstəkarı Xalq artisti Eldar Mansurov, rəssamı İlham Əsgərovdur.

Sonda Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Bakı Bələdiyyə Teatrının yaradıcı heyətinə Fondun xatirə hədiyyələrini və təşəkkür bəlgələrini təqdim edib. Teatrın baş rejissoru Mərahim Fərzəlibəyov öz növbəsində Fondun prezidenti Günay Əfəndiyevaya və TÜRKSOY-un Baş katibi Sultan Rayevə teatrın yadigar hədiyyələrini bağışlayıb.

Qeyd olunmalıdır ki, Bakı Bələdiyyə Teatrı 1992-ci ildə Azərbaycanın görkəmli sənətkarı, Xalq artisti Amaliya Pənahova tərəfindən yaradılmışdır. Teatrın bədii rəhbəri Aynur Muxtarovadır.

Copyright © 2015 - 2024 itchf Azərbaycan. Bütün hüquqlar qorunur