"Gələcək genişmiqyaslı layihələrin həyata keçirilməsi üçün həvəslə və böyük səylə fəaliyyətimizi davam etdirməkdəyik"

Xəbərlər

"Gələcək genişmiqyaslı layihələrin həyata keçirilməsi üçün həvəslə və böyük səylə fəaliyyətimizi davam etdirməkdəyik"

14 noyabr 2022 12:02

Gələcək genişmiqyaslı layihələrin həyata keçirilməsi üçün həvəslə və böyük səylə fəaliyyətimizi davam etdirməkdəyik.

Bu sözləri Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Özbəkistanın Səmərqənd şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının IX toplantısında çıxışı zamanı söyləyib.

“Zirvə çərçivəsində TDT-da sədrlik Özbəkistana təhvil verilib. Bu şərəfli və məsuliyyətli işin yerinə yetirilməsində Özbəkistana uğurlar arzu edirik. Əminik ki, Özbəkistan bu müddət ərzində həm qardaş türk dövlətləri, həm də Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu da daxil olmaqla, Türk Əməkdaşlıq Təşkilatları ilə bütün sferalarda əməkdaşlığın inkişafına töhfə verərək, bu vəzifənin öhdəsindən layiqincə gələcəkdir”,-deyə Fondun prezidenti vurğulayıb.

Günay Əfəndiyeva türk xalqlarının qədim mədəni irsini öyrənən, qoruyan, dünya miqyasında təbliğini və təşviqini həyata keçirən rəhbərlik etdiyi təşkilatın fəaliyyətindən danışaraq deyib: “Fond gənc olmasına baxmayaraq, yarandığı tarixdən etibarən türk dünyasında mədəni bağların möhkəmləndirilməsi yönündəki müxtəlif layihələri ilə irəliləmiş, fərqli ölkələrdə təşkil etdiyi tədbirlər, konfranslar, dəyirmi masalar, yayımladığı kitablar ilə türk xalqlarının inteqrasiyası prosesində fəal iştirak etmişdir. Bu il təşkilatın büdcəsi təsdiqlənmiş və üzv ölkələrdən olan əməkdaşların təyin olunması ilə beynəlxalq heyət formalaşmışdır. Fond olaraq, üzv dövlətlər tərəfindən təşkilatın fəaliyyətinin dəstəklənməsi yönündəki bu mühüm addımları yüksək qiymətləndirərək, gələcək genişmiqyaslı layihələrin həyata keçirilməsi üçün həvəslə və böyük səylə fəaliyyətimizi davam etdirməkdəyik”.

Günay Əfəndiyeva Fond tərəfindən TDT-nın IX Zirvə Görüşü çərçivəsində Səmərqənddə həyata keçirilən layihələrin məqsədinin bu təqdirəlayiq hadisəyə töhfə vermək olduğunu bildirib: “Biz Səmərqənddə türk dövlətlərinin Böyük İpək Yolu üzərində əməkdaşlığına həsr olunmuş simpozium təşkil etdik. Fondun nəzdində yaradılan və 7 türk ölkəsinin qadın musiqiçilərindən ibarət “Yeddi gözəl” qrupu türk dünyasının əsrarəngiz musiqisini burada ilk dəfə nümayiş etdirir”.

Təşkilat tərəfindən il ərzində həyata keçirilən layihələr haqqında məlumat verən Günay Əfəndiyeva qeyd edib ki, hər il olduğu kimi, bu il də türk dünyasının ümumbəşəri dəyərlərə əvəzsiz töhfələr vermiş böyük mütəfəkkirlərinin, yazıçılarının, musiqiçilərinin beynəlxalq aləmdə, o cümlədən Avropada tanıdılması yönündə Fond tərəfindən müxtəlif tədbirlər, konfranslar həyata keçirilib, eləcə də kitablar, poçt markaları və digər nəşrlər çap olunub: “Bu çoxsaylı fəaliyyətlərə “Manas” dastanı ilə bağlı geniş araşdırmanın nəşri, Nizami Gəncəvi, Yunus Əmrə, Jambul Jabayev, Əlişir Nəvai, Ömər Seyfəddin, Mikloş Radnoti, Fikrət Əmirov, Azərbaycanın XII-XX əsrlərdə yaşamış bir çox görkəmi qadın şairələri, o cümlədən bu il 190 illiyi qeyd olunan Xurşidbanu Natəvanın yaradıcılığının təbliği və ildönümlərinin keçirilməsi daxildir.

Fikrət Əmirovun anadan olmasının 100 illiyi münasibətilə Sofiyada dahi bəstəkarın məşhur “Min bir gecə” baleti uğurla səhnələşdirilib. Vyanada “Türk dünyasını birləşdirən ədəbi körpü” adı altında silsilə tədbirlərdə türk dünyası mədəniyyəti almandilli oxuculara təqdim olunub. Varşavada təşkilatçılarından biri olduğumuz, Türkoloji Konqres çərçivəsində müxtəlif ölkələrdən türkoloq alimlər bir araya toplanıb, türk ölkələrinin musiqiləri səsləndirilib”.

Günay Əfəndiyeva Fondun əsas məqsədləri sırasında türk etnik kökənli azsaylı xalqların tarixinin, mədəniyyətinin mühafizəsinin və təbliğinin yer aldığına toxunaraq, diqqətə çatdırıb ki, bu istiqamətdə Litva, Polşa, Rumıniya ilə əlaqələr genişləndirilməkdədir: “Bu ilin əvvəlində Litvanın birinci xanımı Diana Nausedienenin iştirakı ilə Litvada yaşayan və ölkənin ən kiçik etnik qrupu olan karaimlərə həsr olunmuş sərgi açılmışdır. İki həftə öncə, Litva karaimlərinin nümayəndələri Fondun tədbirlərində iştirak etmək üçün gəldilər, özünəməxsus zəngin irsini təqdim etdilər”.

Fondun prezidenti Şuşanın 2023-cü il Türk Dünyasının Mədəniyyət Paytaxtı seçilməsini nəzərə çatdıraraq deyib: “Bununla əlaqədar, biz bu ilin Mədəniyyət Paytaxtı qədim Bursada “Şuşa Günləri”nin keçirilməsini təklif etdik. Bu tədbir mədəniyyət paytaxtı statusunun bir şəhərdən digərinə ötürülməsi üzrə yeni ənənənin başlanğıcı olacaqdır. “Şuşa Günləri”nin təşkili tərəfimizdən ilin sonuna planlaşdırılıb.

Ümidvaram ki, Türk Əməkdaşlıq Təşkilatları olaraq, qarşılıqlı işbirliyinə əsaslanan fəaliyyətimizlə türk dövlətləri arasındakı əlaqələrin genişlənməsinə, türk xalqlarının yaxınlaşmasına öz töhfəmizi verəcəyik”, - deyə Günay Əfəndiyeva bildirib.

Çıxışın sonunda Fond tərəfindən nəşr olunan Azərbaycanın gənc şairi Fərid Hüseynin Özbəkistanın Səmərqənd və Xivə şəhərlərinə həsr etdiyi şeirlər kitabı tədbir iştirakçılarına təqdim olunub.

Copyright © 2015 - 2024 itchf Azərbaycan. Bütün hüquqlar qorunur