Günay Əfəndiyeva Gülnarə Xəlilova ilə görüşüb
Xəbərlər
Günay Əfəndiyeva Gülnarə Xəlilova ilə görüşüb
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva tanınmış modelyer-dizayner, Azərbaycan Milli Geyimlər Mərkəzinin rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilova ilə görüşüb.
Görüşdə Azərbaycanın, bütövlükdə türk dünyasının zəngin adət-ənənələrinin, mədəniyyətinin təbliği məqsədilə birgə həyata keçirilən layihələr barədə müzakirələr aparılıb. Gülnarə Xəlilova Fond üçün xüsusi hazırladığı Azərbaycan milli geyim nümunələrini təşkilatın muzeyinə hədiyyə edib.
Qeyd edilməlidir ki, keçən ilin noyabr ayında Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda birgə əməkdaşlıq çərçivəsində Gülnarə Xəlilovanın Qarabağ bölgəsinə xas geyim nümunələrindən ibarət “Qarabağ” milli geyim kolleksiyasının təqdimat mərasimi keçirilib. Başlanğıcını türk dünyasının ən qədim yazılı abidələrindən olan "Kitabi-Dədə Qorqud" eposundan götürən kolleksiya, əsrlər boyu formalaşmış milli adət-ənənələri özündə təcəssüm etdirir. Milli geyimlərdə Qarabağın 12 tarixi şəhəri – Ağdam, Ağdərə, Cəbrayıl, Füzuli, Xankəndi, Xocalı, Xocavənd, Kəlbəcər, Qubadlı, Laçın, Şuşa, Zəngilan əks olunub.
Təqdimat Azərbaycanın tarixi torpaqlarının işğaldan azad edilməsi ilə qazanılan Şanlı Zəfər Gününə həsr olunub. Tədbirdə Azərbaycanın görkəmli dövlət, ictimai və mədəniyyət xadimləri, səfirlər, beynəlxalq təşkilatların rəhbərləri iştirak edib.